“Ümid” yatağından indiyədək 6 mlrd. kubmetrdən çox qaz hasil edilib

İstismara veriləndən 1 noyabr 2022-ci il tarixinə kimi Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından təqribən 6 mlrd. kubmetrdən çox qaz hasil edilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyi öz “Facebook” səhifəsində paylaşım edib.

Məlumata görə, hesabat dövründə yataqdan 950 min tondan çox qaz kondensatı da hasil edilib.

“Yataq 2012-ci ildə istismara verilib. Hazırda yataqda 4 istismar quyusu fəaliyyət göstərir. 1 noyabr 2022-ci il tarixinə kimi yataqdan təqribən 6 milyard kubmetrdən çox qaz və 950 min tondan çox kondensat hasil edilib”, - paylaşımda bildirilir.

Qeyd olunur ki, “Ümid” yatağı 2010-cu il 24 noyabr tarixində kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. “Ümid” yatağı Bakıdan 75 kilometr cənuba, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir.