Ukrayna Vilnüs sammitindən məyusluqla ayrılan tək dövlət oldu

Keçmiş sovet respublikası, hazırda isə NATO və Avropa İttifaqı üzvü olan Litvada iyulun 11-12-də keçirilən NATO sammiti artıq başa çatıb.
Sammitdəki çıxışların və qəbul edilən sənədlərin ilkin təhlili o qənaəti yaradır ki, katolik prezident Baydenin dönəmində ABŞ “rus təhdidi” ilə bütün katolik Avropasını yenidən NATO çətiri altında sıx təmərküzləşdirməyi və bu hərbi blokun parçalanmasının qarşısını almağı, onun sərhədlərini daha da genişləndirməyi bacardı: Rusiya və Çinin gözləntilərinin əksinə olaraq, NATO bu sammitində göstərdi ki, blok strateji qərarların qəbulunda hələ öz birliyini qoruyub saxlayır və Avropa İttifaqı da gələcək təhlükəsizliyini NATO-suz təsəvvür etmir.
500 gündən çoxdur davam edən Ukrayna savaşı rahatlıqsevər avropalıları elə bərk qorxudub ki, bu savaş başlayanadək ABŞ silahlarına və NATO-ya ehtiyac olmadığını deyən, hərbi bloka ödənişlərini “artıq xərc” sayan Avropa dövlətləri indi NATO-nu gücləndirmək və müasir ABŞ silahlarını almaq üçün bütün sərvətlərini ortaya töküblər.
Avropa İttifaqının ABŞ çətiri altında yenidən sıx birləşməsində əsas rol oynamış və işğal ounmuş ərazisində ağır müharibə aparan keçmiş sovet respublikası Ukrayna isə Vilnüs sammitindən məyusluqla ayrılan tək dövlət oldu.
Çünki sammit öncəsi prezident Zelenskinin gözləntilərinə, açıq çağırış və cəhdlərinə baxmayaraq, Ukraynanın NATO üzvlüyü üçün konkret vaxt qoyulmadı, öhdəlik götürülmədi.
Üstəlik, NATO baş katibi Stoltenberqin diliylə açıq şəkildə Zelenskiyə deyildi ki, Ukrayna NATO üzvü olmaq istəyirsə, Rusiya ilə savaşı davam etdirməli və mütləq qalib gəlməlidir!
Sözsüz ki, NATO baş katibinin bu mövqeyi məşhur məsəli xatırladır: “Adamı həllolunmaz iş dalınca göndərir, adını da “yarıtmaz” qoyursan”.
İndi NATO da Zelenskinin qarşısında həllolunmaz bir tələb qoyub: biz sizə pul və silah verməkdə davam edəcəyik, siz də ölənədək ruslarla vuruşacaqsınız! Geriyə yol yoxdur!
Hətta bu dəfə də Britaniya müdafiə nazirinin diliylə Zelenskini dolayısıyla “minnətdarlıq hissi olmamaqda" suçladılar. Ukrayna prezidentinə xatırladıldı ki, onlara özünümüdafiə və əks-hücum üçün indiyədək hər şey verilib...
Bundan qabaq ABŞ dövlət katibi Blinken də Ukraynaya əks-hücum üçün hər şeyin verildiyini xatırlatmışdı.
Ukrayna üçün hava-su qədər gərəkli olan "F-16"ların isə, ən yaxşı halda, 2024-cü ilin martında çatdırılacağı deyilir.
Ukrayna hamının gözlədiyi əks-hücuma iyunun 4-dən rəsmən başladığını elan etsə də, bü müddət ərzində cəbhə xəttində hələ də ciddi hərbi nailiyyət əldə edə bilməyib.
Gələcək əks-hücumların uğurlu olması üçün ilkin mərhələdə rusların Ukrayna ərazisindəki hərbi birləşmələrinin təchizat zəncirinin qırılmasına nail olmaq gərəkdir ki, ukraynalıların bu yöndəki cəhdləri hələlik effekt vermir...
Uğursuz əks-hücumlar isə Qərbdə Rusiya ilə sövdələşmə masasına əyləşmək istəyənlərin mövqeyini gücləndirir və bu meyl Vilnüs sammitində də açıqca göründü...
Beləliklə, NATO-nun Vilnüs sammitinin yekunları göstərdi ki, bolkun əsas problemi Rusiya ilə yox, Putinlədir və Putinin 2024-cü ildə yenidən Rusiya prezidenti seçilməməsi üçün də Ukrayna növbəti qurbanlıq seçilib.
ABŞ və Avropaya qüdrətli və NATO üzvü olan bütöv Ukrayna deyil, katolik və pravoslav xətti üzrə bölünmüş Ukrayna və bir də Putinsiz Rusiya gərəkdir.
Ukrayna tez bölünəcək, yoxsa Putin tez hakimiyyətdən gedəcək, bax, bu, indi çoxlarının beynini didən, ancaq qarşıdakı aylarda – Ukraynanın əks-hücumlarının nəticələrindən sonra cavablarını biləcəkləri suallardır...
 
Elxan Şükürlü