Türkiyənin Suriyadakı hava hücumu ABŞ qüvvələrinə yaxın məsafədə həyata keçirilib

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Ankaranın Suriyadakı kürd döyüşçülərinə qarşı yeni hücumunun bir hissəsi olaraq, Türkiyənin son hava hücumu Suriyanın şimal-şərqindəki ABŞ qüvvələrinə çox yaxın olub və bu, bölgədə gərginliyi daha da artırıb.

Suriyada İslam Dövləti terror qruplaşmasına qarşı mübarizə aparan təxminən 900 ABŞ əsgərinə nəzarət edən ABŞ Mərkəzi Komandanlığı çərşənbə axşamı hücumun olduğunu və həmin vaxt bazada ABŞ personalından heç kimin olmadığını bildirib.

Lakin ABŞ müdafiə rəsmisi çərşənbə günü Amerikanın Səsinə bildirib ki, ABŞ əsgərləri Həsəkə şəhərinin şimalında yerləşən bazanın 300 metrliyində olub.

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDF) rəhbərliyinə yaxın mənbə daha sonra Amerikanın Səsinə bildirib ki, baza böyük birləşmənin bir hissəsidir və ABŞ qüvvələri bazaya aid olmayan başqa bir binada olublar.

ABŞ-ın hərbi rəsmiləri əlavə təfərrüatları bölüşməkdə tərəddüd etsələr də, çərşənbə günü verdikləri açıqlamada hadisənin ciddiliyini etiraf ediblər.

"Suriyada həyata keçirilən son hava hücumları İŞİD-i məğlub etmək və 10 mindən çox İŞİD məhbusunu nəzarətdə saxlamaq üçün yerli tərəfdaşlarla bərabər çalışan ABŞ personalının təhlükəsizliyini birbaşa təhdid edib" - deyə, Pentaqonun mətbuat katibi, briqada generalı Patrik Rayder bildirib.

Suriya Demokratik Qüvvələrinin rəsmiləri çərşənbə axşamı hava hücumu nəticəsində ABŞ-ın anti-terror qüvvələrinin təlim keçmiş iki əməkdaşının öldürüldüyünü bildirib.

Suriya Demokratik Qüvvələrinin sözçüsü çərşənbə günü Amerikanın Səsinə bildirib ki, ABŞ əsgərləri cəmi beş gün əvvəl bazanın özündə olub və əraziyə havadan nəzarət ediblər.