"Tərtər işi"ndə “son söz”lə çıxış edən müttəhimlər bəraət istəyib

Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə mühakimə olunan beş nəfərdən ibarət sonuncu qrupun da məhkəməsi yekunlaşır.

Oktyabrın 31-də səhər saatlarında başlayan iclasda təqsirləndirilən şəxslər "son söz"lə çıxış ediblər. Söhbət general Hikmət Həsənovun hüquqi işlər üzrə köməkçisi olmuş Fuad Ağayevin, Cümşüd Qurbanovun, Ramil Əhmədovun, Cavid Ağadadaşovun və Fuad Axundovun işindən gedir. Onlar yüzlərlə hərbçiyə işgəncə verməkdə təqsirləndirilirlər. Fuad Ağayev, Qurban Cümşüdov, Cavid Ağadadaşov və Fuad Axundov qısa danışıblar. Onlar məhkəmədən bəraət istəyiblər və hakimdən ədalətli qərar gözlədiklərini söyləyiblər. Ramil Əhmədovsa məhkəmədən bəraətlə yanaşı işgəncələrin təşkilatçılarının istintaqa cəlb olunmasını da istəyib.
"Bizə ittiham 
verilib ki, mütəşəkkil dəstənin üzvləri olmuşuq. Bəs bu dəstəni yaradanlar hardadır? Bizə əmr verənlər hardadır? And olsun Allaha, axırda içəridə özümü öldürəcəm. Günahsız olduğum halda ömrümü həbsxanada keçirməkdənsə, ölmək yaxşıdır. Hər şeyi bizim üstümüzə yükləyiblər, özləri kənarda qalıblar. Mənə hərbçi Ruslan Ocaqbəyovun ölümünə görə ittiham verilib. Biz dost olmuşuq, qarşılaşanda bir-birimizlə hərbçi kimi yox, dost kimi salamlaşib hal-əhval tuturduq. Onun ölümünün səbəbkarı biz yox, vəziyyəti ağır olanda yanında olmuş həkimlərdir. Hospitalla aramızda 22 kilometr məsafə vardı, apara bilərdilər, tibbi yardım göstərə bilərdilər, ancaq etmədilər. Ruslan Ocaqverdiyev o həkimlərin qəsdən yaxın durmamaları üzündən öldü. Onun ölumündə komandiri və yanında olsa da, ona tibbi yardım göstərməyən, hospitala götürməyən həkim günahkardır. Ancaq məni şərlədilər", Ramil Əhmədov söyləyib. O, məhkəmədə dindirilmiş şahid və zərərçəkənlərin də əleyhinə ifadə vermədiyini vurğulayıb və məhkəmədən bəraət hökmü çıxarilmasını xahiş edib.
Günün ikinci yarısı 
hökmün elan ediləcəyi gözlənilir. Bu, təqsirləndirilən şəxslərin eyni iş üzrə ikinci məhkumluqları olacaq. Birinci  dəfə 2018-ci ildə Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Fuad Ağayev 10 il, Cavid Ağadadaşov və Qurban Cümşüdovun hər biri isə 6 il azadlıqdan məhrum edilib. Tərtər işi üzrə istintaq təzələnəndən sonra onlar cəzalarını çəkərkən eyni maddələrlə ikinci dəfə məhkəmə qarşısına çıxarılıblar. Fuad Ağayev və digərlərinə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar), 341.2 (vəzifə səlahiyyətlərini aşma)və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələrlə ittiham irəli sürülmüşdü. Bir ildən çoxdur davam edən məhkəmədə təqsirləndirilən şəxslər ittihamları rədd ediblər. Onlar məhkəmədə Müdafiə Nazirliyindən gələn göstərişə tabe olaraq hərəkət etdiklərini, ancaq göstəriş verənlərin istintaqdan kənarda qaldıqlarını bildiriblər. Həmin şəxslər özlərini "Tərtər işi" üzrə qurban hesab ediblər.

Bu məhkəmədə şahid qismində bir neçə general da dindirilib. Ancaq həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkənlərin tələblərinə baxmayaraq 1-ci Korpusun rəhbəri olmuş Hikmət Həsənov məhkəməyə çağırılmayıb. Bu isə təqsirləndirilən və zərərçəkənlərin narazılığına səbəb olub. Məhkəmədə səslənən iddialara görə, 1-ci Korpusun hərbi hissəsində verilən işgəncələrə birbaşa Hikmət Həsənov nəzarət edərək əmrlər verib. Bundan əvvəl eyni iş üzrə Bakı Hərbi məhkəməsində daha üç qrupun məhkəməsi yekunlaşmışdı.
Bu iş üzrə növbəti ildə də məhkəmələr gözlənilir.

 

 

ToplumTV