Afiəddin Məmmədov: "Həbsxanada hamı xəstəlikdən əziyyət çəkir, amma baxan yoxdur"

Həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədov həbsdə olan jurnalist Ülviyyə Əliyə (Quliyeva) müsahibə verib. 

Jurnalistin yaxınlarının ictimailəşdirdiyi müsahibədə A.Məmmədov məhbusların saxlanma şəraiti, səhhəti və Azərbaycanda işçi hərəkatının vəziyyətindən danışıb. 

Fəal deyib ki, həbsxanada "pessimist olmamaq" mümkün deyil. 

"Gəlirsən, gözlədiyin şeylərin burada tamamilə əksini görürsən. Mən çöldə fikirləşdiyimdən tamam fərqli şeylər oldu. Ümumən, siyasi məhbusların vəziyyəti burada bərbad gündədir. Onların düşüncələrinə baxırsan ki, sən nə niyyətlərlə gəlmisən, mübarizə aparırsan, amma onlar nə niyyətlə mübarizə aparır", - o qeyd edib. 

A.Məmmədov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların müayinə və müalicə ilə təmin olunmamasının ən böyük problem olduğunu bildirib. 

"Hamı xəstəliklərdən əziyyət çəkir, amma baxan yoxdur. Kadr çatışmazlığı var, maaşı az verirlər deyə, insanlar işləmək istəmir. Təkcə həkimlər deyil, ümumiyyətlə işçilər arasında da kadr çatışmazlığı var. İş saatlarının çoxluğu, əməkhaqqının azlığı problem yaradır. Ona görə də xəstə məhbuslara laqeyd yanaşılır. Əhəmiyyət verilmir. Bu da xəstəliyin ağırlaşmasına və başqalarına yoluxmasına gətirib çıxarır. Bir nəfər qripə yoluxan kimi bütün “zon” xəstələnir. Ona görə heç kəs sağala da bilmir. Gərək hamı sağalsın ki, sən də sağalasan", - o izah edib. 

A.Məmmədovun sözlərinə görə, o, tənəffüs problemi və böyrək və oynaqlarında ağrılardan əziyyət çəksə də, üç aydan çoxdur tibb məntəqəsinə köçürülməklə bağlı müraciətləri cavabsız qalır.

A.Məmmədov fəallığını həbsdə də davam etdirməsindən danışıb. 

"Nelson Mandela deyirdi ki, bütün siyasi məhbusların prioriteti düşdükləri həbsxananın şəraitini yaxşılaşdırmaq olmalıdır. Çöldə apardığımız mübarizəni müxtəlif tələblərlə burda da davam etdirməliyik. Sözsüz ki, buradakı şərtlər fərqlidir. Amma əgər mübarizə aparırsansa, döyüşçüsənsə, döyüş fərqli yollarla da davam etməlidir. Olduğun şəraitə uyğunlaşaraq. Əslində, mübarizə bitmir, məkan dəyişir", - o söyləyib. 

Azərbaycanda işçi hüquqlarının vəziyyətindən danışan A.Məmmədov deyib ki, ölkədə işçilər az qala hər yerdə istismara məruz qalır. 

"Ən böyük məsələlərdən biri əmək müqavilələrinin olmamasıdır. Ağır iş sahələrində minimum əməkhaqqı daha yüksək olmalıdır. Elə penitensiar müəssisələrdə də vəziyyət fərqli deyil. İnşaat sektoru, kuryerlər – heç kim çəkdiyi əziyyətə uyğun maaşa nail ola bilmir. Bunun üçün təşkilatlanma və birgə mübarizə lazımdır. Hökumətin qarşısında konkret tələblər qoyulmalıdır", - o bildirib. 

Fəal onu da deyib ki, bu ilin mayında həmin vaxt aclıq aksiyası keçirən siyasətçi Tofiq Yaqublu üçün aclıq etdiyi vaxt ona su və siqaret də verilməyib. 

"O vaxt "kars"da idim. Suyu tələb etsəm də, 5 gün məcburi quru aclıq etməli olmuşdum. Görürdülər ki, siqaret çəkən adamam. Suyu və siqareti kəssələr, dözümsüzlük göstərəcəyimi düşünürdülər. Amma tam əksi baş verdi. Mən də həm ümumi mübarizəyə, həm Tofiq Yaqubluya hörmət əlaməti olaraq bunu dayandırmağı özüm üçün qəbuledilməz hesab edirdim", - o deyib. 

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir. 

Ona Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələrilə ittiham verilib. 

A.Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla əlaqədar keçirilən etiraz aksiyası zamanı saxlanılmış, 30 sutka inzibati həbs cəzası almışdı.

A.Məmmədov bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.

Mayın 7-də “Meydan TV işi” üzrə həbs olunan Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. 

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva və Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.