“Tərtər işi”: Generallar məsuliyyətə cəlb olunmasalar hansı ədalətdən söhbət gedə bilər?

Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi başlayıb. Bakı Hərbi Məhkəməsinin icraatında olan, Sumqayıt Məhkəmə Kompleksində baş tutan məhkəmənin ilk iclasında maraqlı məqamlar ortaya çıxıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinə artıq istintaqı başa çatmış üç qrupun işi göndərilib və hakim icraatlarına verilib. Martın 14-də hazırlıq iclası keçirilən proses Rüstəm Ələsgərov, Ramil Qarayev, Vüsal Ələsgərov, Rəşid Niftəliyevin üzərində qurulub. 

Zərərçəkən Rəfail Emçiyev vəsatətində göstərib ki, dəhşətli cinayətlərin təşkilatçılarının kənarda qalıb. Digər zərərçəkən Elmin Orucov isə vəsatət verib ki, dəhşətli işgəncələrin təşkil edildiyi korpusların rəhbərləri də cinayət məsuliyyətinə cəlb olunsun: “Bu iş üzrə istintaq obyektiv və ətraflı aparılmayıb. Bu işgəncələrin təşkilatçıları azadlıqdadır. Bəkir Orucovu tutublar, ancaq işgəncələrin verildiyi korpusların komandirləri Mais Bərxudarov, Hikmət Həsənov məsuliyyətə cəlb olunmayıb, dindirilməyib, üzləşdirilməyib. Bu cinayət işi tam araşdırılmayıb”.

Adları çəkilən generallar, eləcə də bu vaxta qədər bu cinayətin törədilməsində adları çəkilən yüksək çinli məmurlar niyə istintaqa cəlb edilməyib?

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədr müavini, hüquq müdafiəçisi Nasir Əliyev ASTNA-nın suallarını cavablandırıb.

* * *

Sual: Nasir bəy, məhkəmədə generalların istintaqa cəlb edilməsini istəyən zərəçəkənlər haqlıdırlarmı?

Cavab: Məhkəmədə zərərçəkmişlərin generalların  istintaqa cəlb edilməsini tələb edəcəkləri  gözlənilən idi. Çünki zərərçəkmişlər Baş Prokurorluqda yeni yaradılmış istintaq qurupu qarşısında bəzi məsələlər ilə əlaqədar tələblər irəli sürürdülər və vəsatətlər təqdim edirdilər. Onların əsas tələblərindən biri məhz bu işdə olan yüksək çinli zabitlərin həbs olunması idi.                                                    

Düşünürəm ki, onlar bu tələbində tam haqlıdırlar. Burada təkcə Hikmət Həsənov və Mais Bərxudarovdan söhbət  getməməlidir. Bu cinayət işində adı keçən bütün şəxslər, eləcə də bu sahəyə məsul olan Müdafiə  Nazirliyinin vəzifəli şəxsləri, 2017-ci ildə bu işi aparmış Hərbi Prokurorluğun vəzifəli şəxsləri, saxta ekspertizaya rəyləri vermiş həkimlər və bu işi aparmış hakimlər məhkəmə istintaqına cəlb olunmalıdır.

Sual: Kimdir məhkəmədə adları çəkilən Mais Bərxudarovu və Hikmət Həsənovu, eləcə də bu işdə əli olan digər yüksək çinli məmurları qoruyanlar? Onları qorumaqda məqsəd nə ola bilər?

Cavab: Zərərçəkmişlər ifadələrində, mediada bilavasitə indi yüksək vəzifəli şəxslərin, Zakir Həsənovun, Xanlar Vəliyevin və digərlərinin adlarını çəkiblər. Bu şəxslərin vəzifəsindən uzaqlaşdırılmaması, hazırda məhkəməsi gedən şəxsləri müdafiə etmələri üçün onlara şərait yaradır.

Əslində bu cinayətdə təqsiri və ya məsuliyyəti olanlar, lakin hələ də məsuliyyətə cəlb olunmayan yüksək çinli məmurlar məsuliyyətə cəlb olunanları qorumaqla özlərini qoruyurlar.

Sual: Sizcə, Mais Bərxudarovu və Hikmət Həsənovu, eləcə də bu işdə əli olan digər yüksək çinli məmurlar bundan sonra istintaqa cəlb olunacaqlarmı? Əks halda nə baş verəcək?

Cavab: Hazırda istintaq davam edir. Bu səbəbdən qabaqcadan hər hansı fikir bildirmək istəməzdim. Amma, yeni istintaq 1 il 3 aydır ki, davam edir. Bu vaxta qədər Bəkir Orucov istisna olmaqla  generalların məsuliyyətə cəlb olunmaması zərərçəkmişlərdə və cəmiyyətdə narahatlıq yaradır. Bütün hallarda Hikmət Həsənov və Mais Bərxudarov məsuliyyətə cəlb olunmalıdır. Çünki, onların rəhbərlik etdiyi korpuslarda ölümlə nəticələnən cinayət hadisəsi baş verib. Onlar istintaqa cəlb olunduqda onların məsuliyyət dərəcəsi bəlli olacaq. Əgər onlar məsuliyyətə cəlb olunmasalar hansı ədalətdən söhbət gedə bilər?                                                Onlar məsuliyyətə cəlb olunmasalar yenidən məhkəmələrə müraciət olunacaq. Əgər yerli məhkəmələrdə gözlənilən nəticələr, yəni ədalət bərqərar  olunmasa Beynəlxalq Məhkəmələrə müraciət olunacaq.

Sual: Bu işin tamamilə aydınlaşması  üçün nə etmək lazımdır? Hansı addımlar atılmalıdır? Nə etmək olar ki, həm ədalət yerini tapsın, həm də ordunun nüfuzuna xələl gəlməsin?

Cavab: Bu işin tam, hərtərəfli və ədalətli həll olunması üçün ilk növbədə siyasi iradə ortaya qoyulmalıdır. Əgər siyasi rəhbərlik  iradə ortaya qoyulmasa, bu işin obyektiv həlli mümkün deyildir. Çünki, “Tərtər işi”ni aparmış məhkəmələrə ümid etmək ən azından sadəlövhlük olar. Əgər haqq-ədalət yerini tapmasa, 5 il apardığımız mübarizə yenə davam etdiriləcək. Bu həm orduya, həm də Azərbaycan xalqına vurulmuş ləkəni təmizləmək üçün labüddür. Ordu dövlətin onurğa sütunudur. Orduda özbaşnalığa, korrupsiyaya yol vermiş hər kəs cəzalandırılmalıdır. Tərtər və ətraf rayonlarda baş verənlər Ordunun sarsıdılmasına və nüfuzdan salınmasına hesablanmış bir cinayət hadisəsidir. Ordunun sarsıdılması, nüfuzdan salınması isə dövlətin nüfuzunun sarsıdılması deməkdir. Məhz bu üzdən bu cinayət işi sonuna qədər hərtərəfli və obyektiv araşdırılmalıdır.

 

Mənbə: Turan