Tofiq Yaqublunun məhkəməsi başlayıb

İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Tofiq Yaqublunun işi üzrə hazırlıq iclası başlayıb.

İclas zamanı Yaqublu günahsız olduğunu və cinayət işinin saxtalaşdırıldığını bildirib. O deyib ki, siyasi motivlərlə həbs edilib və onun cinayət təqibilə bağlı sifariş "birbaşa İlham Əliyevdən gəlib".

Siyasətçinin sözlərinə görə, iş kobud şəkildə saxtalaşdırılıb. Ona aid edilən hüquqazidd hərəkətlərin tarixləri onun oduğu  yer ilə uygun gəlmir. Belə ki, həmin tarixlərdə Yaqublu Türkiyədə olub.

Daha sonra siyasətçi hakimlərdən birinə, Azər Tağıyevə etiraz edib. Yaqublu bunu Tağıyevin siyasi məhbuslara qarşı proseslərdə iştirak etməsi və ABŞ Konqresinin sanksiya siyahısına düşməsi ilə izah edib.

Müdafiə tərəfi Yaqublunun vəkillərin yanında oturmasına və iştirak etmək istəyənlərin sayının çox olduğunu nəzərə alaraq, prosesin daha geniş zala keçirilməsinə icazə verilməsini xahiş edib.

Məhkəmə bildirib ki, növbəti iclasdan Yaqublunun vəkillərin yanında oturmasına icazə veriləcək. İclasların böyük zalda keçirilməsi məsələsinə də baxılacaq.

İclas zamanı Yaqublu beynəlxalq ictimaiyyəti Bakıda COP29-u boykot etməyə çağıran plakat qaldırıb.

Müdafiə tərəfi cinayət işinə xitam verilməsini, ya da Yaqublunun ev dustaqlığına buraxılmasını xahiş edib. Lakin məhkəmə vəsatəti təmin etməyib və dinləmələri iyunun 20-nə təyin edib.

Xatırladaq ki, Tofiq Yaqublu 14 dekabr 2023-cü ildə dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması və qanunsuz hazırlanması, saxta sənədlərdən istifadə ittihamı ilə həbs edilib.

Tofiq Yaqublu ittihamları uydurma adlandırıb. Əvvəllər də siyasətçi dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.

 

Turan.az