"Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə cinayət məsuliyyətinə cəlb olunur. O, sentyabrın 27-nə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.
Bu barədə Meydan TV-yə danışan L.İsmayılzadə bildirib ki, onunla əlaqə saxlayan müstəntiq birbaşa deməsə də, deyilənlərdən barəsində cinayət işi başlandığı aydın olub:
"Dedi ki, vəkillərimlə gəlim. Həm də belə bir cümlə işlətdi ki, "gəlin, işi yekunlaşdırıb məhkəməyə göndərməliyik”. Ondan başa düşdüm ki, artıq cinayət işi başlanıb. Yəqin ki, sabah da mənə qarşı ittiham irəli sürəcəklər, ardınca istintaqı yekunlaşdırıb, işi məhkəməyə göndərəcəklər”.
L.İsmayılzadə bu ilin martında üç azyaşlı övladı ilə birlikdə Novruz bayramı ərəfəsində Qobustan həbsxanasında saxlanılan həyat yoldaşıyla uzunmüddətli (üç günlük) görüşə gedərkən içəri telefon keçirməyə cəhddə günahlandırılırdı. Bununla əlaqədar Penitensiar Xidmət də rəsmi açıqlama, L.İsmayılzadənin əşyalarına və gətirdiyi sovqata baxış keçirilərkən uşaq çantasından oyuncaqların arasından "Samsung” markalı telefon tapıldığını bildirmişdi.
L.İsmayılzadə isə sözügedən telefonun işlək vəziyyətdə olmadığını, üçyaşlı övladı Abbasın babasına məxsus həmin telefondan oyuncaq kimi istifadə etdiyini, həbsxanaya gedərkən yaddan çıxıb oyuncaqların arasında qaldığını demişdi.
Buna baxmayaraq, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində araşdırmalar başlandı. L.İsmayılzadənin sözlərinə görə, bundan öncə iki dəfə özü, bir dəfə də qayınatası Kamil Bağırov idarədə dindirilib. Çünki telefon vaxtilə K.Bağırovun istifadəsində olub.
"Daha sonra ekspertiza təyin edildi. Ekspert telefonun işlək olub-olmaması haqda rəy verməliydi. Görünür, özlərinə sərf eləyən rəyi alıblar. Müstəntiq bir ay əvvəl də mənimlə əlaqə saxlamışdı. O zaman uşaqlarla rayonda idim”, - deyə L.İsmayılzadə bildirib.
Onun fikrincə, məsələnin böyüdülməsi və barəsində cinayət işi başlanması, məhkəmə qarşısına çıxarılması həyat yoldaşının prinsipial mövqeyinə görə ona təzyiq göstərmək məqsədi güdür.
T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib.
T.Bağırzadə ona qarşı irəli sürülmüş dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ittihamlarını qəbul etmir, təqsirsiz olduğunu deyir.
Taleh Bağırzadənin həyat yoldaşı məhkəmə qarşısına çıxarılacaq
Oxşar xəbərlər