Samir Babayev karserə salınıb

Siyasi məhbus Samir Babayev cəza karserinə salınıb. Bu barədə məlumatı ailəsi verib. Belə ki, sonuncu dəfə yanvarın 17-də ailəsi ilə əlaqə saxladıqdan sonra Samirin telefon zəngləri qəfil kəsilib. Ailəsi bununla bağlı Samirin cəza çəkdiyi Umbakı Penitensiar müəssisəsi ilə əlaqə saxlamağa çalışıb. Lakin idarə bu barədə hər hansı bir məlumata malik olmadıqlarını bildirərək əlavə məlumat verməkdən imtina ediblər.
Samir Babayev Umbakıda, ciddi qapalı rejimdə cəza çəkir. Buna görə də həftədə iki dəfə olmaqla ailəsi ilə telefon əlaqəsi saxlaya bilir. Son zəngindən sonra Samir növbəti əlaqə müddətində zəng vurmalı olsa da lakin bu baş verməyib.
Ailəsinin bildirdiyinə görə həbsxanada məhbuslardan biri onlara telefon zəngi açıb və bildirib ki, Samir Babayev burada karserə salınıb. Səbəbini söyləmək istəsə də kobud müdaxilə olunaraq onun əlidən telefon alınıb.
Samir Babayev ötən ilin sonunda ailəsinin görüşə gəlməsinə maneə qoyulma səbəbindən müəssisədə etiraz etmiş və buna görə karserə salınmışdı. O, mövcud özbaşnalıqlar səbəbindən karserdə aclıq aksiyasına başlamışdı. Aclığının 9-cu günündə Samiri qəbul edən müəsisə rəhbərliyi anlaşılmamazlığı aradan qaldırdığını bildirmiş və bununla da yaşanan problem həllini tapmışdı. Bu dəfə məsələnin nə olduğu hələ ki, bəlli deyil.
Sabah cümədir və Samirin növbəti zəng günüdür. Anası bildirir ki, əgər sabah gün ərzində bu dəfə də Samir zəng vurmasa məsələni aydınlaşdırmaq üçün Umbakıya gedəcəklər.
Xatırladaq ki, 2022-ci ilin 2 dekabrında saxlanılan MBH fəalı Samir Babayev barəsində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. 2023-cü il oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi S. Babayevi bu ittihamla müqəssir bilərək onu 4 il müddətinə azadlıqdan mərhum etmişdi. 2024-cü il yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi Samir Babayevin şikayətinə baxaraq onun cəzasından 1 ilini azaldaraq cəzanı 4 ildən 3 ilə endirmişdi.
2024-cü ilin 13 yanvarında 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülən siyasi məhbus burada özbaşnalıqlara etiraz səbəbindən qısa müddət sonra o, məhkəmə önünə çıxarılır və 1 il müddətinə ciddi qapalı rejimli həbs cəzasına məhkum edilərək Umbakıya köçürülür.