Ramazan ayının son cüməsi “Beynəlxalq Qüds Günü” kimi qeyd olunur

Mübarək Ramazan ayının sonuncu cüməsi bir çox müsəlman ölkələrində  Fələstin torpaqlarının azadlığı naminə Beynəlxalq Qüds Günü qeyd edilir.

Az.shafaqna.com xatırladır ki, İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyni 1948-ci ildən bəri Fələstin xalqının məruz qaldığı zülmlərə son qoymaq üçün Mübarək Ramazanın sonuncu cüməsinin Beynəlxalq Qüds Günü kimi qeyd edilməsi təşəbbüsünü irəli sürüb.

Bu təşəbbüsün irəli sürülməsi ilə dünyada zülmə məruz qalmış ölkələrin və xalqların yeni hərəkatı yaranıb. Bu günün hər il qeyd edilməsi İslam dünyasında və ümumilikdə dünya xalqlarında zülmə və işğala qarşı mübarizə ruhunun formalaşmasına təkan verib.

Tarix boyu heç bir müsəlman torpağı uğrunda Qüds və Qüds ətrafı ərazilər qədər mübarizə aparılmayıb. Bu gün bu mübarizə daha artıq şiddət və inamla davam edir.

Ramazan ayının son cümə gününü “Qüds günü” elan edilməsi müsəlmanların müqəddəs torpaqların işğalına verdiyi ilk təsirli və məntiqli reaksiya idi. Bu addım unutdurulmağa çalışılan Qüds problemini aktuallaşdırdı və İsrailin Fələstinə təcavüzünün ümumdünya miqyasında tanınmasına səbəb oldu.

Bu gün xüsusilə İran, İraq, Livan, Suriya, Fələstin, Əfqanıstan, Türkiyə, Azərbaycan, Pakistan, bəzi ərəb ölkələri, o cümlədən Avropa və Rusiyada yaşayan şiə müsəlmanlar tərəfindən müxtəlif formatda keçirilir.