Problemi birbaşa həll etmək qüdrətində olmayan hakimiyyətin sərgilədiyi mövqeyi hiddət doğurur

Müsəlman Birliyi Hərəkatının sədri sədri ilahiyatçı Hacı Tale Bağırzadə son günlər Qərblə hakimiyyətin gərginləşən münasibətləri fonunda ölkədə demokratik insitut nümayəndələrinə qarşı genişlənən həbs dalğasını pisləyib. Bu barədə həbsxanadan bəyanat yayan ilahiyyatçı bütün bu addımları tənqid hədəfinə alıb. Bəyanatda o, bildirir: 

"Azərbaycanda siyasi idarəçiliyin acınacaqlı durumda olmasının növbəti nümunəsi bu günlər “Amerika cəsusu” adı altında gerçəkləşən həbslərdir. Bir ilə yaxın müddətdir ki, “İran cəsusu” adlanan inanclıların həbsi yanlış siyasətdən dönüş olaraq hakimiyyətin İranla münasibətlərini isitsə də, nəticədə yüzlərcə inanclı həbsxana divarları arasında günahsız olaraq cəza çəkməkdədir. İndi də eyni uğursuz davranış ölkənin azad düşüncə sahiblərini hədəfə alaraq onlara “Ameriika cəsusu” möhürü vurmaqla azadlıqdan məhrum edir. Bununla da sanki hakimiyyət Qərblə aralarında olan soyuq münasibətlərini ölkəsində demokratik insitutları təzyiq altında saxlamaqla həll etməyə çalışır. Birmənalı, növbəti naşı siyasət, problemi birbaşa həll etmək qüdrətində olmayan hakimiyyətin qarşı tərəfə deyil, öz vətəndaşına sərgilədiyi mövqeyi şübhəsiz tənqid hə hiddət doğurur.
Biz Azərbaycan xalqına qarşı qəddar davranış sərgiləyən rejimin yarıtmaz siyasətini tənqid edir və hakimiyyətdən hər bir günahsız həbs olunan vətəndaşlarımızın azadlığını tələb edirik."
 
MBH sədri Hacı Tale Bağırzadə
4 dekabr 2023-cü il.