Premyer Liqa: "Sabah" "Şamaxı"nın, "Kəpəz" "Sumqayıt"ın qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha 2 oyunu keçiriləcək.

Operativtv.com Reporta istinadən məlumatına görə, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə "Sabah" arasında olacaq. Hazırda bölgə təmsilçisi 16 xalla sonuncu, paytaxt klubu isə 53 xalla 2-ci pillədə qərarlaşıb.

İki kollektiv indiyədək ölkə çempionatında 16 dəfə üz-üzə gəlib. Tərəflər hərəyə 5 qələbə qazanıblar. 6 görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində əyalət klubunun cüzi üstünlüyü var - 17:16.

"Şamaxı" 5 oyundur qalib gəlmir. "Sabah" son iki səfərdə bir qolla qələbə qazanıb.

Günün son matçında "Sumqayıt" "Kəpəz"i qəbul edəcək. 18 xalı olan "gənclik şəhəri" təmsilçisi 7-ci, rəqibindən 1 xal az toplayan Gəncə klubu 9-cu sırada yer alıb.

Komandalar bunadak Premyer Liqada 22 dəfə rəqib olublar. Bu qarşılaşmaların 9-u meydan sahiblərinin, 5-i isə qonaqların xeyrinə yekunlaşıb. 8 görüşdə qalib müəyyənləşməyib. Sumqayıtlıların 29 qoluna "sarı-göylər" 22 topla cavab veriblər.

"Kəpəz" son 6 oyunda qələbə qazanmayıb. Son üç matçda qonaq komanda uduzmayıb.

Azərbaycan Premyer Liqası
XXIV
25 fevral (şənbə)

14:30. "Şamaxı" - "Sabah"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu.

17:00. "Sumqayıt" - "Kəpəz"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Kapital Bank Arena".

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib, "Səbail" isə "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura fevralın 27-də keçiriləcək "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulacaq.