"Xeberman.com" saytının təsisçisi və baş redaktoru Polad Aslanov sentyabrın 20-dən quru aclığa başlayıb. Bu haqda onun həyat yoldaşı Gülmirə Aslanova məlumat paylaşıb.
„Poladdan xəbər ala bilmirdim. Həbsxanaya gedib telefon zəngi tələb etdim. Problemsiz şərait yaratdılar. Polad dedi ki, qulaqlarında küy yaranıb, ciyərlərindən xışıltı gəlir, gecələr boğulur deyə yata bilmir“, – Gülmirə Aslanova bildirib.
Aslanova əlavə edir ki, həyat yoldaşına aclığı dayandırması üçün məhbuslar vasitəsilə təzyiq edilir.
„Məhbusları onun üstünə qaldırırlar. Həbsxana rəhbərliyi onunla görüşdən imtina edib. Orda yoxlamada olan Penitensiar Xidmətin əməkdaşları da onunla görüşməyib“, – Aslanova deyib.
Beynəlxalq Amnistiya Təşkilatı Polad Aslanovun azadlığa buraxılması üçün Azərbaycan hökumətinə çağırış edib.
„Azərbaycanın hakimiyyət orqanları azad olunmazdan əvvəl ona tibbi etika, o cümlədən məxfilik və məlumatlandırılmış razılıq prinsiplərinə uyğun olaraq tibbi xidmətdən istifadə imkanı yaratmalıdır“, – deyə Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bürosu bildirib.
Bildirilib ki, Ombudsmana Polad Aslanova baş çəkməsi üçün dərhal icazə verilməlidir.
Polad Aslanov iyulun 18-də keçdiyi tibbi müayinələrin nəticələrini ala bilmədiyinə görə aclıq aksiyasına başlayıb. Müayinəni həyata keçirən həkim jurnalistə ancaq şifahi şəkildə qara ciyərində ciddi problemlərin olduğunu deyib.
Polad Aslanov 2019-cu ildə dövlətə xəyanət ittihamıyla Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Cinayət işinin materiallarına görə, jurnalist xarici ölkələrin sifarişiylə Azərbaycanın dövlət orqanlarını gözdən salan məqalələr dərc edib.
Polad Aslanov əvvəlcə 16 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra cəzası 13 ilə endirilib. O, ittihamları rədd edib və jurnalist fəaliyyətinə görə həbs edildiyini bildirib.
Azərbaycanda Siyasi Məhbuslar üzrə İşçi Qrupu Polad Aslanovu siyasi məhbus elan edib.
Polad Aslanov quru aclığa başlayıb