Almaniyada etiraz aksiyaları

Almaniyanın 80-dən çox şəhərində on minlərlə insan hökumətin qaz infrastrukturunu genişləndirmə planlarına qarşı aksiyalara çıxıb.

Ümumilikdə 50 mindən artıq şəxs etirazlarda iştirak edib.

Ekoloji hərəkatın üzvləri bütün yeni qaz layihələrinin dərhal dayandırılmasını tələb edir, xüsusilə də Şimal dənizində, Vadden dənizi Milli Parkına daxil olan Borkum adası yaxınlığındakı yataqların istismarı ilə bağlı narazılıqlarını bildirirlər. Onlar hökuməti iqlim böhranına qarşı daha qətiyyətli addımlar atmağa çağırıblar.

Aksiyalar “Gələcək üçün cümə günləri” adlı iqlim hərəkatının təşəbbüsü ilə baş tutub. Rəsmi rəqəmlərə əsasən, Berlində təxminən 3000, Hamburqda 2500, Münhendə isə 1500 nəfər etiraz edib. Təşkilatçılar isə paytaxtda 4300, Hamburqda isə 5000 nəfərin küçələrə çıxdığını bildirirlər.