Həbsdə olan AXCP üzvünün səhhətində irəliləyiş var

''Sosial şəbəkələrdə yazılanlardan sonra oğluma qarşı diqqət artıb''

2017-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilən AXCP üzvü Elnur Fərəcov mayın 18-də atası ilə telefonla danışıb.

Məlumatı Meydan TV-yə məhbusun atası Hüseyn Fərəcov verib.

Hüseyn Fərəcov oğlunun səhhətində irəliləyiş olduğunu deyib:

“Ciyərindəki suyun səviyyəsinin aşağı düşdüyünü və özünü yaxşı hiss etdiyini söylədi. Yanında adamlar olduğundan əhatəli danışa bilmədi. Amma onu dedi ki, sosial şəbəkələrdə haqqında yazılanlardan sonra ona qarşı diqqət artıb”.

Hüseyn Fərəcov mayın 19-da oğluyla görüşəcəyini dedi.

Elnur Fərəcov 2016-cı ilin dekabrında Cinayət Məcəlləsinin 234.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması və göndərilməsi) maddəsi ilə təqsirli bilinib.

Neftçala Rayon Məhkəməsi E. Fərəcovu 2017-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Məhbusun səhhəti həbsxanada ötən il pisləşib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsində vərəm xəstələrindən ötrü yaradılan 3 saylı ixtisaslaşmış cəzaçəkmə müəssisəsinə (“tubzon” ) köçürülüb.

Dörd ay “tubzon”da saxlanılan E.Fərəcovun müalicəsinin nəticə vermədiyi bildirilir.

Buna görə də onun Penitensiar Xidmətin müalicə mərkəzinə köçürüldüyü deyilir.

Yaxınlarının deməsinə görə, orada E.Fərəcovun boğazında şiş olduğu müəyyən edilib .