Ermənistanda müxalifət lideri Nikol Paşinyanla baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyanın aprelin 25-nə planlaşdırılan görüşü təxirə salınıb. Nikol Paşinyan görüşə daha iki müxalifət təmsilçisinin, eləcə də parlament spikerinin və hakim Respublika Partiyasının Milli Məclisdəki fraksiyasının başçısının qatılmasını istəyib. O, görüşün medianın iştirakı ilə keçirilməsi şərtini də irəli sürüb. Heç bir cavab almadığı üçün Nikol Paşinyan Karen Karapetyanla görüşün ləğv olunduğunu, kütləvi aksiyaların davam etdiriləcəyini açıqlayıb.
Nikol Paşinyan hakimiyyətin təhvil verilməsi, milli etimad hökumətinin qurulması və qısa vaxt ərzində növbədənkənar parlament seçkisi keçirilməsi tələbləri də qoyur.
Aprelin 9-da Respublika Partiyasının sədri Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. O, aprelin 17-də parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib. Ancaq xalq etirazlarına görə aprelin 23-də Serj Sərkisyan baş nazir postundan istefa verib.
Etirazlara müxalif deputat Nikol Paşinyan başçılıq edib. 2017-ci ildə seçilmiş parlamentdə "Çıxış” blokunun lideri, Vətəndaş Sazişi Partiyasının sədri olan Nikol Paşinyan martın 31-dən aprelin 13-dək Gümrü, Spitak, Dilican, Sevan, Razdan şəhərləri boyunca Serj Sərkisyanın əleyhinə yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.
Ermənistan hökuməti aprelin 23-də tam tərkibdə istefaya gedib. Prezident Armen Sərkisyan səlahiyyətlərin icrasını əvvəlki tərkibə tapşırıb. Hökumətə müvəqqəti rəhbərlik baş nazirin birinci müavini Karen Karapetyana həvalə olunub.
Karen Karapetyan Respublika Partiyası sədrinin birinci müavinidir. O, 2016-cı ildə baş nazir təyin edilib, bu il aprelin 18-də baş nazirin birinci müavini vəzifəsinə keçib.
Yeni baş naziri parlament seçməlidir. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Respublika Partiyasının parlamentdə 58, onun müttəfiqi olan Daşnaksütun Partiyasının 7, Sarukyan blokunun 31, "Çıxış” blokunun 9 mandatı var.
Nikol Paşinyan Respublika Partiyasının baş nazirliyə namizəd irəli sürməməsini tələb edir, hökumətə başçılığı öz üzərinə götürməyə hazır olduğunu deyir.
Karen Karapetyan aprelin 24-ü axşam prezident Armen Sərkisyana səslənərək onu hökumətlə müxalifətin görüşünün təşkilinə yardımçı olmağa çağırıb. O, növbədənkənar parlament seçkisinin müzakirəsinin də istisna olmadığını vurğulayıb.
1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulan Nikol Paşinyan uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. 2010-2011-ci illərdə Serj Sərkisyanın ilk dəfə prezident seçildiyi 2008-ci ilin xalq etirazlarına görə həbsdə yatıb. 2012-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresindən, 2017-ci ildə "Çıxış” blokundan deputat seçilib.
Aprelin 16-sı Yerevanda Serj Sərkisyana qarşı aksiyalara polisin müdaxiləsi nəticəsində Nikol Paşinyan əlindən yaralanıb. O, aprelin 22-də tutulub, ancaq növbəti gün azadlığa çıxıb.
Novator.az
Paşinyan şərt qoyur
Oxşar xəbərlər