Rusiyadakı məscidlərin sayı açıqlanıb

Rusiyada hazırda 8 minə yaxın məscid fəaliyyət göstərir. Onlardan təxminən 3 mini Tatarıstan və Başqırdıstan respublikalarının payına düşür. Bu barədə Rusiyanın Mərkəzi Ruhani İdarəsindən məlumat verilib.

Xatırladılıb ki, sovet dövründə bütün SSRİ ərazisində 300-dən bir qədər çox məscid mövcud idi. Hazırda isə təkcə Başqırdıstanda 1500-ə yaxın, Tatarıstanda da təxminən 1500 məscid fəaliyyət göstərir. Əvvəllər bu respublikalarda müvafiq olaraq cəmi 16 və 15 məscid olub.

Qeyd edilib ki, yeni məscidlərin tikintisinə ən çox ehtiyac Moskva və Sankt-Peterburq da daxil olmaqla, iri şəhərlərdə hiss olunur. Bununla belə, həmin şəhərlərdə də yeni dini ibadət ocaqları inşa edilir.

Həmçinin son illər ölkədə onlarla orta dini təhsil müəssisəsi qurulub. Əlavə edilib ki, ölkə ərazisində hazırda təxminən 10 İslam universiteti fəaliyyət göstərir.