Ramil Babayev məhkəmə proseslərində iştirakdan imtina etdiyini bildirib

“Toplum TV işi” üzrə 13 il azadlıqdan məhrum edilən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev məhkəmə proseslərində iştirakdan imtina etdiyini bildirib.

O, bunun əsas səbəbinin Azərbaycanda müstəqil məhkəmənin olmaması olduğunu deyib: “Azərbaycanda məhkəmə mövcud olmadığı üçün”.

Babayev bildirib ki, onun barəsində hökm çıxaran hakim Azər Tağıyev istintaq materiallarındakı ziddiyyətləri nəzərə almayıb.

O, buna nümunə kimi bank əməliyyatları ilə bağlı ittihamı göstərib. Babayevin sözlərinə görə, istintaq materiallarında onun banka 400 ABŞ dolları satdığı qeyd edilib. Bankdan alınan rəsmi cavabda isə əks əməliyyatın aparıldığı, yəni manat verərək dollar aldığı təsdiqlənib.

Buna baxmayaraq, həmin məlumat ittihamdan çıxarılmayıb və məhkəmə hökmündə onun əleyhinə sübut kimi göstərilib.

Ramil Babayev məhkəmədə iştirak etməməsinin digər səbəbinin sentyabrın 22-dən başladığı sivil itaətsizlik aksiyası olduğunu bildirib.

O deyib ki, avqustun sonunda ədliyyə naziri Fərid Əhmədova məktub göndərərək saxlanıldığı müəssisədə baş verdiyini iddia etdiyi işgəncə hallarının araşdırılmasını istəyib. Lakin müraciətindən sonra heç bir tədbir görülməyib.

Buna etiraz olaraq Babayev sıra yoxlanışlarında, vəkil və ailə görüşlərində, telefon danışıqlarında, müəssisə rəisinin qəbulunda və məhkəmə iclaslarında iştirakdan imtina etdiyini açıqlayıb.

Fəalın sözlərinə görə, son məhkəmə iclasına da iradəsinə zidd olaraq gətirilib.

Ramil Babayev 2024-cü ilin martında “Toplum TV işi” çərçivəsində həbs edilib. 2026-cı il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum olunub.

Babayev və iş üzrə digər təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin siyasi sifariş olduğunu bildirirlər.