Liviyadan xəbərdarlıq: Neft hasilatı dayana bilər

Liviyada daha bir neft obyekti dron hücumuna məruz qalıb.

Ölkənin Milli Neft Korporasiyası (MNK) növbəti hücumlar baş verərsə, fəaliyyətini dayandıra biləcəyinə dair xəbərdarlıq yayıb:

"Bu, regiondakı neft obyektləri üzərindəki təhlükəni nümayiş etdirən üçüncü belə hadisədir və müvafiq orqanların təcili müdaxiləsini tələb edir. Bundan əlavə, şirkətin direktorlar şurası bildirir ki, bu cür hücumlar davam edərsə, fors-major elan etməyə və neft emalı zavodundakı fəaliyyətini tamamilə dayandırmağa məcbur olacaq".

Korporasiya son hücum nəticəsində heç bir itki və ya maddi ziyanın qeydə alınmadığını vurğulayıb.

Korporasiya əvvəllər Zaviyədəki neft və digər obyektlərə bir sıra hücumlar barədə məlumat vermişdi. Avqustun 8-də dron xam naftanın saxlanması üçün istifadə edilən neft emalı zavodunun çəninə birbaşa zərbə endirib. Nəticədə çən divarları zədələnib, iki dəlik yaranıb və saxlanılan məhsulun bir hissəsi sızıb. Bir gün əvvəl dron Zaviyədəki duzsuzlaşdırma zavoduna da zərbə endirib.

Qeyd edək ki, Liviya böyük neft ixracatçılarından biridir. Onun neft ixracını dayandırması dünya bazarında qiymətlərin daha sürətlə artmasına səbəb ola bilər.