Avropa Məhkəməsi Azərbaycanda casus proqramla izlənən 59 nəfərin işi üzrə kommunikasiya başladır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan olan jurnalist və ictimai fəalların “Pegasus” casus proqramı ilə bağlı şikayətləri üzrə kommunikasiya mərhələsinə başlayıb. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.

Namazlı xatırladır ki, 2021-ci ildə yayılan məlumatlara görə, bir sıra ölkələr, o cümlədən Azərbaycan, müxalif şəxslərin və jurnalistlərin telefonlarına “Pegasus” casus proqramı vasitəsilə müdaxilə edib. 

Həmin şəxslər şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı Baş Prokurorluğa şikayət versələr də, müraciətlərinə mahiyyəti üzrə baxılmayıb.

Bunun ardınca onlar AİHM-ə müraciət ediblər. Məhkəmə Azərbaycandan daxil olan 59 nəfərin şikayətini birləşdirərək iki iş üzrə araşdıracaq.

AİHM bu işlər üzrə tərəflərə suallar göndərib və Konvensiyanın bir neçə maddəsinin pozulub-pozulmadığını araşdıracaq. Bunlara 8-ci maddə (şəxsi həyata hörmət hüququ), 13-cü maddə (səmərəli müdafiə vasitələri hüququ), 18-ci maddə (hüquqlardan sui-istifadə qadağası) daxildir. Bəzi şikayətlərdə həmçinin 10-cu maddə (ifadə azadlığı) və 6-cı maddə (ədalətli məhkəmə araşdırması hüququ) üzrə iddialar da var.

2021-ci il iyulun 18-də Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) dərc etdiyi araşdırmada bildirilirdi ki, Azərbaycan hökuməti jurnalistlərə, siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən “NSO Group” şirkətinin casus proqramından istifadə edib. 
Sızdırlan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanırdı. 

Azərbaycan hakimiyyəti indiyədək ictimai fəalların, jurnalistlərin "Pegasus" proqramı ilə izlənməsi iddialarını cavablandırmayıb.