Həbsdə olan siyasətçilər Şəmşad Ağanın azadlığa buraxılması üçün prezidentə müraciət ediblər

“Toplum TV işi” üzrə həbsdə saxlanılan III Respublika Platformasının üzvləri Akif Qurbanov və Ruslan İzzətli prezident İlham Əliyevə müraciət ediblər. Oktyabrın 12-də ictimailəşdirilən müraciətdə siyasətçilər “Meydan TV işi”ndə təqsirləndirilən və həbsdə olan jurnalist Şəmşad Ağanın azadlığa buraxılmasını xahiş ediblər.

Qurbanov və İzzətli məktubda qeyd ediblər ki, Şəmşad Ağanın həyat yoldaşı “həyati risk daşıyan” beyin şişi diaqnozu ilə üzləşib və bu səbəbdən jurnalistin ailəsinin yanında olması zəruridir:

“Dəfələrlə bəyan etdiyinizə görə, ölkədə nəyin, nə zaman baş verməsini siz müəyyən edir, qərarı da siz verirsiz. Barəmizdə məhkəmə hökmü olmadan, istintaq orqanlarınızın hələ “sübuta” yetirmədiyi halda belə, bir neçə dəfə ictimai açıqlamalarınızla artıq sübuta yetirilmiş cinayət əməli kimi təqdim edərək bizə qarşı aparılan təqibin arxasında durduğunuzu gizlətməmisiniz. Beləliklə, sizin iradənizlə bu təqiblərlə üzləşdiyimiz nəinki bizə, bütün ölkə və dünya ictimaiyyətinə bəllidir. Nəticədə bizə qarşı edilənlər nə and içdiyiniz İslam dininin müqəddəs kitabı Qurani-Kərimə, nə ölkə Konstitusiyasına, nə də sivil dünyanın siyasi-hüquqi əxlaqına uyğundur”.

Onlar həmçinin bildiriblər ki, “haqsız təqiblər” təkcə onların özlərinə deyil, ailə üzvlərinə də təsir edib, amma buna baxmayaraq “Tək Adam rejiminə itaət etməyəcəklər”:

“İdarəetmə rejiminizin qaba və özbaşına təbiətinə qarşı yalnız dinc, hüquqi və mənəvi gücümüzə, respublikaçı ideallarımıza əsaslanaraq mübarizəmizi davam etdiririk”.

Müraciətdə qeyd olunub ki, Şəmşad Ağanın həyat yoldaşının baş beynində şiş xəstəliyi aşkarlanıb və həkimlər əməliyyatın yüksək risk daşıdığını bildiriblər.

“Təəssüf ki, əməliyyat həyati risk daşıyır, nəticələri barədə həkimlər aydın diaqnoz verə bilmir, yüksək risk daşıdığını ifadə edirlər. Şəmşad Ağanın ailəsi 4 nəfərdən ibarətdir və himayəsində 2 azyaşlı övladı var. Belə vəziyyətdə ailə başçısı olaraq Şəmşad Ağanın həyat yoldaşının yanında olması, onun müalicəsini təşkil etməsi və övladlarının himayəsini həyata keçirə bilməsi qaçılmaz zərurət yaradır”, - onlar əlavə edib.

Siyasətçilər əlavə ediblər ki, artıq “Meydan TV işi” üzrə istintaq başa çatıb və bu mərhələdə jurnalistin həbsdə saxlanılması üçün heç bir əsas yoxdur:

“Onun ev dustaqlığına və ya polis nəzarətinə buraxılması üçün prosessual maneə mövcud deyil. Bu, yalnız sizin göstərişinizdən asılıdır”.

“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa bu ilin fevralında “Meydan TV işi” çərçivəsində saxlanılıb. Ümumilikdə bu iş üzrə 12 nəfər barəsində cinayət işi açılıb.
Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2 (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb, avqustun 28-də isə ittihamlar ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması maddələri əlavə edilib.

Həbsdə olan jurnalistlər bütün ittihamları rədd edir və saxlanılmalarını siyasi sifariş və peşə fəaliyyətlərinə görə təzyiq kimi qiymətləndirirlər.