Avropa Parlamenti Gürcüstanda demokratik geriləməni pisləyən qətnamə qəbul edib

Avropa Parlamenti Gürcüstanda demokratik geriləməni, hakim “Gürcü Arzusu” partiyasının tənqidçilərinə qarşı repressiyaları və ölkənin Qərbə inteqrasiyadan uzaqlaşmasını pisləyən qətnamə qəbul edib. 

“OC Media” yazır ki, çərşənbə günü qəbul edilən qətnamədə “Gürcü Arzusu”nun idarəçiliyi sərt şəkildə tənqid olunub. 

Sənəddə qeyd olunub ki, 2024-cü ilin oktyabrında keçirilən parlament seçkiləri beynəlxalq demokratik standartlara cavab verməyib, nəticədə yalnız bir partiyadan ibarət “qanunsuz parlament” formalaşıb. Bildirilib ki, Rusiya həmin “saxta seçkilərə” sistemli şəkildə müdaxilə edib, seçicilərin hədələnməsi, səslərin satın alınması və müşahidəçilərin təqib edilməsi halları baş verib.

Avropa Parlamenti Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlük müraciətini 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz olaraq keçirilən aksiyalara qarşı sərt müdaxiləsini və müstəqil mediaya qarşı fiziki və hüquqi təzyiqlərini də tənqid edib.

Qətnamədə Gürcüstan vətəndaşları ilə həmrəylik ifadə olunub və bildirilib ki, “hakim “Gürcü Arzusu” partiyası Gürcüstana namizəd ölkə kimi verilmiş tarixi imkandan istifadə edə bilməyib”.

Sənəddə qeyd edilib ki, Gürcüstana namizəd statusu “hakim partiyanın Avropa dəyərləri və demokratik prinsiplərlə ziddiyyət təşkil edən addımlarına baxmayaraq, şübhə benefitindən yararlanaraq” verilib.

Avropa Parlamenti, həmçinin “hakim partiyanın siyasi təqibləri dərinləşdirən, toplaşmaq azadlığını məhdudlaşdıran və vətəndaş cəmiyyəti, müstəqil media və müxalifətin fəaliyyət imkanlarını daraldan qanunlar qəbul etməsini” pisləyib.

Qətnamədə Avropa İttifaqının Gürcüstandakı vəziyyətə cavab olaraq atdığı addımların “vəziyyətin ciddiliyini əks etdirmədiyi” vurğulanıb və Aİ Şurası ilə Komissiyanın “lazımi proaktiv tədbirlər görməməsi və gecikmiş reaksiyası”na görə təəssüf ifadə edilib.

Bildirilib ki, Aİ üzv dövlətləri arasında yekdilliyin olmaması “lazımi tədbirlər görmək istəyənləri dayandırmamalıdır”.

Avropa Parlamenti Aİ Şurasının Gürcüstan diplomatları üçün vizasız səyahət rejimini dayandırmaq qərarını alqışlayıb və Aİ Komissiyası ilə Şurasına Gürcüstanın vizasız rejiminin nəzərdən keçirilməsini, “hakim partiyanın addımları səbəbindən demokratik idarəçilik və azadlıqlar üzrə standartların yerinə yetirilməməsi halında onun dayandırılması imkanının nəzərdən keçirilməsini” tövsiyə edib.

Qətnamədə bildirilib ki, vizasız rejimin dayandırılacağı halda “Gürcü Arzusu” bunun nəticələrinə görə tam məsuliyyət daşıyacaq.

Eyni zamanda, Avropa Parlamenti vizasız səyahət imkanının vətəndaş cəmiyyəti təmsilçiləri, insan haqları müdafiəçiləri, jurnalistlər və digər şəxslər üçün əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, bu, onların Avropada Gürcüstandakı vəziyyət barədə məlumat verməsi və eyni zamanda, hakimiyyət tərəfindən təqib edilənlərin ölkədən çıxaraq təhlükəsizliyini təmin etməsi üçün vacibdir.