Qanun və hüququn dəfn olunduğu ölkədə məni nələr gözlədiyini bilirəm

Martın 3-də Bakı Apellyasiya məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun vəkilləri Cavad Cavadovla Elçin Sadıqovun onun ev dustaqlığına buraxılmaması qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.
Müdafiə tərəfi R.Səfərovun həbsdə saxlanmasına heç bir əsas olmadığını vurğulayaraq, şikayətin təmin edilməsini istəyib.
R.Səfərovun özü isə deyib ki, nə ev dustaqlığına buraxılmaqdan ötrü müraciət edib, nə də məhkəmədən gözləntisi var.
Hüquq müdafiəçisi vəkillərinin əməyinə hörmət əlaməti olaraq məhkəməyə gəlməyə razılıq verdiyini deyib.
“Qanun və hüququn dəfn olunduğu ölkədə məni nələr gözlədiyini bilirəm. Amma vicdanlı və ləyaqətli yolu seçdiyimə görə qətiyyən peşman deyiləm. Sizlərdən də heç bir xahişim yoxdur. Sadəcə, vəkillərimin əməyinə hörmət əlaməti olaraq buradayam. Siz hakimlər, müstəntiqlər də əminsiniz ki, Rüfət Səfərov bu cinayəti törətməyib. Buna Allah da, onun bəndələri də şahiddir…”, - Rüfət Səfərov məhkəmədə deyib.