“2024-cü il repressiyaların və polis özbaşınalığının güclənməsi ilə yadda qaldı” - SMMM-nin illik hesabatı

Siyasi Məhbusların Monitorinqi Mərkəzi Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair illik hesabat açıqlayıb.

Hesabatda bildirilir ki, 2024-cü il Azərbaycanda "repressiyaların və polis özbaşınalığının güclənməsi" ilə yadda qalıb.

Qeyd olunur ki, ölkədə siyasi məhbusların sayı ötən il 331-ə çatıb və onların arasında yenə də çoxluğu dindarlar təşkil edir. Bununla belə, ötən il həbs edilən ictimai-siyasi fəallar, media nümayəndələri, blogerlər və hüquq müdafiəçilərinin sayı da artıb.

Hesabat müəlliflərinə görə, “5-ci kolon”un nümayəndələrini ovlayan” Daxili İşlər Nazirliyi öz işçilərinə “ən amansız hüquqlar" verib və burda söhbət fiziki haqq-hesab çəkməyə qədər gedib çıxır.

“KİV-in məlumatına görə, polis həddindən artıq tədbirlərdən istifadə edib və cinayətlərdə şübhəli bilinən bir neçə nəfər "müqavimət göstərərkən" odlu silah tətbiqilə yerindəcə məhv edilib. Şübhəlilərin öldürülməsi hakimiyyətyönlü KİV-də "qanuni tədbirlər" kimi təqdim edilib”.

Bununla belə, hüquq müdafiəçilərinin ifrat tədbirlərin tətbiqi haqda iddiaların nə qədər əsaslı olduğunu yoxlamağa imkan olmadığı da qeyd olunur.

Hesabatda ölkədə narkomaniyanın geniş yayıldığı, hətta  rəsmi statistikaya görə, cinayətlərin 30,6 faizinin narkomanlar tərəfindən törədildiyi bildirilir. Amma əlavə olunur ki, qeyri-rəsmi məlumatlara görə, bu rəqəm dəfələrlə yüksəkdir. Bildirilir ki, “çox vaxt Daxili İşlər Nazirliyi narkotik maddələrin alveri ilə mübarizə adı altında ictimai fəalları, siyasi partiya üzvlərini, jurnalistləri və blogerləri həbs edir”

Buna nümunələr də göstərilir: 

“2024-cü ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Razi Alışov və Sahib Məmmədzadə, Həmkarlar İttifaqı fəalları Elvin Mustafayev və Ayxan İsrafilov və başqaları bu cür işlərə görə həbs olunaraq mühakimə ediliblər. Ancaq narkotik maddələrlə "yalan mübarizə"dən ən çox əziyyət çəkənlər dindarlardır. Son illərdə 150-yə yaxın dindar narkotik maddə ittihamı ilə həbs olunub”.

Hesabatda Penitensiar Xidmətdə korrupsiya, işgəncə, siyasi məhbuslarla amansız rəftarın hələ də qaldığı ayrıca vurğulanır.

“Məhbuslar arasında ölüm halları artıb. 2024-cü ildə cəzaçəkmə müəssisələrində 40-dan çox ölüm hadisəsi qeydə alınıb və 2025-ci ilin əvvəlində də bir neçə ölüm baş verib. Rəsmi olaraq ölümün səbəbinin xəstəlik olduğu göstərilir. Ancaq sosial şəbəkələrdə adamların döyülmə nəticəsində ölməsi ilə bağlı məlumatlar da var”,  hesabatda deyilir.

O da qeyd olunur ki, hüquq müdafiəçiləri əvvəlkitək monitorinq üçün həbsxanalara buraxılmır.

“Məmurların, təhlükəsizlik işçilərinin qeyri-şəffaflığı, məlumatların məhdudlaşdırılması, jurnalistlərin təqibi insan hüquqlarına, özbaşınalığa, həbslərə, işgəncələrə, ölümlərə məhəl qoyulmamasına və Daxili İşlər Nazirliyinin repressiv tədbirlərinə şərait yaradır”, hesabatda qeyd edilir. 

Rəsmi qurumlar bu hesabatda deyilənlərə hələlik münasibət bildirməyiblər.

Azərbaycan hakimiyyəti bir qayda olaraq bu cür tənqidləri rədd edir, ölkədə insan hüquq və azadlıqlarının təmin olunduğunu, heç kimin siyasi mövqeyinə və ya peşə fəaliyyətinə görə təqib olunmadığını bildirir. 

Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən yaradılıb. Təşkilata hüquq müdafiəçisi Elşən Həsənov rəhbərlik edir.