Sosial platformalardakı yanlış təbliğat cəmiyyətin parçalanmasına və milli-mənəvi dəyərlərdən uzaqlaşmasına gətirib çıxarır

"Cəmiyyətdə vəhdəti təmin etmək təkcə dövlət strukturlarının deyil, həm də vətəndaş cəmiyyətinin üzərinə düşən əsas vəzifələrdəndir. Bu gün ali məktəblər Azərbaycanda tarixən formalaşmış adət-ənənələrin təbliği istiqamətində iş aparmalı, tələbələrə milli-mənəvi dəyərlərimiz doğru istiqamətdə aşılanmalıdır. Biz Qərbin və ya Avropanın deyil, öz milli adətlərimizin geniş təbliğatı ilə məşğul olmalıyıq. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bu məsələdə xüsusi iş aparmalıdır".

Bu fikirləri Bakıda "Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" mövzusunda keçirilən ictimai müzakirələr zamanı hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

Onun sözlərinə görə, bu gün cəmiyyət daxilində müxtəlif məsələlərə dair nifaq salınmasında sosial şəbəkələr mühüm rol oynayır. Hüquq müdafiəçisi Novella Cəfəroğlu istənilən ölkədə cəmiyyətin inkişafında qeyri-hökumət təşkilatlarının rolundan danışıb.

Tədbirdə, həmçinin milli-mənəvi dəyərlərin təbliği istiqamətində informasiya texnologiyaları və müxtəlif proqram təminatlarının hazırlanması, eləcə də müxtəlif müsabiqələrin keçirilməsi təklif olunub.