Baş Prokurorluq (BP) Zaqatala və Quba rayonlarında avqustun 15-də baş verən intihar hadisələri haqqında məlumat yayıb.
Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri Musa Feyzullayev, Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Abbas Canpoladov intihar ediblər.
Baş Prokurorluq bildirib ki, 1980-ci il təvəllüdlü Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri Musa Feyzullayev Qax rayonunda valideynlərinin yaşadığı evin həyətində özünü asıb:
"Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Meyitin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb”.
Prokurorluq intiharın səbəbləri haqda qeyd edib ki, 4 aya yaxın müddət ərzində Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri işləyən M.Feyzullayevin ailə-məişət zəminində və şəxsi problemləri olub. M.Feyzullayevin intihar etməsi xidməti fəaliyyəti ilə bağlı deyil.
Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavininin intiharına gəlincə, 1959-cu il təvəllüdlü Canpolad Abbasov yaşadığı evin həyətində yardımçı tikilidə özünü asıb:
"Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb”.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
"İlkin istintaqla sağlığında Canpolad Abbasovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmaması müəyyən edilib. Mərhumun ailə üzvləri və qohumları ifadələrində C.Abbasovun intihar etməsinə səbəb kimi 2014-cü ildə oğlunun intihar etməsi ilə bağlı günahkar olmasını, özünə qapanmasını, hətta əvvəllər də bu səbəbə görə iki dəfə intihara cəhd etməsini bildiriblər”, - Baş Prokurorluq bildirib.
Canpolad Abbasov 2000-2002-ci illərdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2009-cu illərdə müxtəlif vəzifələrdə çalışıb, 2009-cu ildən isə təqaüdə çıxıb.Hər iki fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Meydan.Tv
Eyni gündə iki məmurun intihar etdiyi deyilir
Oxşar xəbərlər