Ermənistanda 8 hərbçi intihar edib - Bir ildə

Ermənistanda ötən il 45 hərbçi ölüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Dünyasını dəyişənlərin 7-si döyüş, 38 nəfəri isə qeyri-döyüş itkisidir. 

Bundan başqa, 8 nəfər intihar edib, 2 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 2 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib. 3 nəfər təhlükəsizlik qaydalarının pozulmasına, daha 4 nəfərsə başqa səbəblərdən dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 3-ü zabit, 35 nəfəri əsgər, 7 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olublar. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçuları olub. İnsidentlərin 24-ü Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 21-i isə Ermənistan ərazisində baş verib.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 25 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. Belə ki, 8 hərbi qulluqçu avtomobil qəzasında xəsarət alıb, 6 nəfər qeyri-nizamnamə hadisələribdən, 8 nəfər bədbəxt hadisədən, 3 əsgər isə cəbhə xəttində yaralanıb.

Xatırladaq ki, 2017-ci ildə Ermənistan Silahlı Qüvvələrinin 59 hərbi qulluqçusu dünyasını dəyişmişdi. Dünyasını dəyişənlərin 22-si döyüş, 37 nəfəri isə qeyri-döyüş itkisi idi.