“Müdafiə Xətti”nin 06-26 fevral 2023-cü il tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları

08 fevral 2023-cü il. AXCP Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (Xuliqanlığın silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) təqsirləndirilib, barəsində həbs qətimkan tədbiri seçilib. O, həbs edildiyi tarixdən etibarən aclıq aksiyasına başlayıb, elan olunan ittihamı qəbul etməyib.
16 fevral 2023-cü il. Həbsinə etiraz olaraq aclıq edən Bəxtiyar Hacıyev sudan da imtina edib, quru aclığa keçib.
20 fevral 2023-cü il. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İsmayıllı rayon şöbəsinin fəalı Zaur Usubov İsmayıllı rayon Məhkəməsinin qərarı ilə 25 sutka inzibati qaydada həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polisin qanuni tələbinə qəsdən tabe olmamaq) ilə ittiham edilib.
21 fevral 2023-cü il. Demokratiya-18 Hərəkatının üzvləri Afiyəddin Məmmədov və Samir Sultanov Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs ediliblər. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (kiçik xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə müqavimət göstərmə) maddələri ilə təqsirli bilinib. Onlar Bakı Apellyasiya Məhkəməsinin qarşısında həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələb ediblər.
25 fevral 2023-cü il. Həbsdə olan Bəxtiyar Hacıyevin sosial şəbəkə hesabından qanunsuz surətdə məlumatlar əldə edilərək yayılıb, şəxsi toxunulmazlıq hüquq pozulub. Hüquq müdafiəçiləri Zaur Əkbər, Bəxtiyar Hacıyev, Ziya Quliyevin və hüquqşünas Fərhad Mehdiyev və ictimai faəl Rail Abbsovun “Facebook Messenger” üzərindən birgə yazışmaları təhrif edilərək tirajlanıb.