“Kəpəz” 6 il sonra “Sumqayıt”ı məğlub etdi

Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, günün ikinci matçı Sumqayıtda baş tutub.

Autsayderlər mövqeyində qərarlaşan şəhərin eyniadlı komandası ilə “Kəpəz” üz-üzə gəliblər. Qarşılaşma Gəncə təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb. 6-cı dəqiqədə Ahmed Ayzaya, 38-ci dəqiqədə isə Martins Juniorun vurduğu qol sayəsində “Kəpəz” rəqibini səfərdə məğlub edib. “Kimyaçılar”ın gücü 88-ci dəqiqədə fərqi minimuma endirməyə çatıb – 1:2. Yusif Nəbiyev avtoqol müəllifi olub.

Gəncəlilər Premyer Liqada “Sumqayıt”la matçlardakı 6 oyunluq qələbə həsrətinə son qoyublar. Qərb klubu buna qədər axırıncı dəfə 6 il əvvəl – 2017-ci ildə bu rəqibini üstələyib.

Ötən turda olduğu kimi, bu dəfə də qələbə qazanan Tərlan Əhmədovun kollektivi xal ehtiyatını 20-yə çatdıraraq, yenidən sonuncu pilləni tərk edib. Samir Abasovun başçılıq etdiyi “gənclik şəhəri” təmsilçisi isə aktivindəki 18 xalla turnir cədvəlinin 9-cu yerində qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunlarında “Zirə” səfərdə “Turan Tovuz”a (2:0), “Şamaxı” evdə “Sabah”a (2:1) qalib gəlib, “Səbail”lə “Qəbələ” arasındakı matç heç-heçə (2:2) başa çatıb. Tura fevralın 27-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulacaq.