İran XİN: Səddam rejiminə kimyəvi silahlar verən Almaniya İranda insan hüquqlarından danışa bilməz

“Almaniya kimi ölkələr Səddamın işğalçı rejimini kimyəvi silahlarla təchiz edərkən, Səddamın Sərdəşt şəhərini və mülki əhalinin, kürd qadınlarının, uşaqlarının və kişilərinin yaşadığı digər əraziləri bombaladığı halda, özlərinə insan haqlarını tələb etmək və onların müdafiəsi haqda söz demək haqqını necə verə bilər?! İndi də kürd qadınlarının haqlarından danışırlar!?”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

İran rəsmisi bu gün ölkədə 30 Noyabrda qeyd edilən “Kimyəvi müharibənin qurbanlarının ildönümü” münasibətilə çıxışı zamanı Almaniyanı Səddam Hüseyn rejiminə kimyəvi silahlar verməkdə ittihamlandırıb və belə bir hökumətin İranda insan hüquqlarından danışmağa haqqı çatmadığını deyib.

O, bildirib ki, Almaniyadan gələn kimyəvi silahlarla İranda kürdlərin kompakt yaşadığı Sərdəşt rayonu bombalanıb.

Kənani əlavə edib ki, Almaniyanın  kürd qadınlarının haqlarından danışmağa haqqı yoxdur.

“Nəinki keçmişdə, müasir tarixdə, həm də son onilliklərdə xalqlara qarşı, bəşəriyyətə qarşı bu qədər böyük cinayətlər törədən və indi də qadınlarımızın hüquqlarını bayrağ edən Alman hakimiyyətlərinə necə inanaq. .. Bu açıq-aşkar ikiüzlülükdür”, deyə o bildirib.