Hizbullah İsrailə hücumu edib, ölən var, İranın raket zərbələri davam edir

İsrailin şimal sərhədi yaxınlığında Hizbullah tərəfindən həyata keçirildiyi ehtimal olunan hücum nəticəsində bir nəfər həlak olub.

The Times of Israel-in hadisə Livanla sərhəddə yerləşən Misgav Am yaşayış məntəqəsində baş verib.

İsrailin təcili yardım xidməti bildirib ki, hücum zamanı iki avtomobil yanıb və ölən şəxsin cəsədi yanan avtomobillərdən birində aşkarlanıb. İlkin ehtimallara görə, hücum tank əleyhinə raketlə həyata keçirilib və məsələ ilə bağlı araşdırma aparılır.

Eyni zamanda, İran İsrailə qarşı raket hücumlarını davam etdirir. Son məlumatlara görə, ölkənin mərkəzi və cənub bölgələri yenidən raket atəşinə məruz qalıb. Bəzi hücumlarda zərbələr qeydə alınmasa da, hava hücumu siqnalları bir neçə dəfə işə düşüb və əhali sığınacaqlara yönləndirilib.

Bildirilib ki, son 24 saat ərzində İran və Hizbullahla davam edən qarşıdurmalar fonunda yüzlərlə insan xəstəxanalara yerləşdirilib. Regionda gərginlik sürətlə artmaqda davam edir və tərəflər qarşılıqlı hücumları genişləndirir.

Qeyd edək ki, Hizbullah son dövrlərdə İranla paralel şəkildə İsrailə qarşı hücumları intensivləşdirib, İsrail isə buna cavab olaraq Livanda hərbi əməliyyatlarını genişləndirir.