Hörmüz boğazının statusu dəyişdirilmədi

Beynəlxalq dənizçilər həmkarlar ittifaqları və gəmiçilik şirkətləri birgə bəyanat yayaraq Hörmüz boğazının ən azı 9 iyul tarixinədək müharibə əməliyyatları zonası kimi qiymətləndiriləcəyini açıqlayıblar.

Qərara əsasən, bölgədə fəaliyyət göstərən dənizçilər üçün tətbiq olunan xüsusi təhlükəsizlik və əməkhaqqı şərtləri qüvvədə qalacaq.

Qərar Beynəlxalq Kollektiv Danışıqlar Forumunun (IBF) əmək müqavilələrinə qoşulmuş təxminən 15 min gəmini əhatə edir.

Bu qaydalara əsasən, Hörmüz boğazında və ətraf sularda çalışan dənizçilərə ikiqat əməkhaqqı ödənilir.

Yeni qərara görə, əmək müqaviləsi ilə çalışan dənizçilər təhlükəsizlik səbəbindən Hörmüz boğazına səfər etməkdən imtina etmək hüququnu da saxlayırlar.

Belə hallarda onlar şirkətin hesabına öz ölkələrinə geri göndərilə bilərlər. Bu isə gəmiçilik şirkətlərinin əməliyyat xərclərinin daha da artmasına səbəb olur.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (ITF) və dəniz nəqliyyatı sektorunda işəgötürənləri təmsil edən Birgə Danışıqlar Qrupu (JNG) da birgə bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, qəbul edilən qərar bölgədə insanların həyatı üçün ciddi təhlükənin hələ də qalmasını və təhlükəsizlik vəziyyətinin sürətlə dəyişməsini nəzərə alır.

Qərarda bildirilib ki, müharibə zonalarının müəyyənləşdirilməsi ilə məşğul olan birgə komitə yenidən həftəlik qiymətləndirmə iclaslarına başlayacaq.

Məlumata görə, bu iclaslar may ayının əvvəlindən dayandırılmışdı. Səbəb isə Hörmüz boğazında təhlükəsizlik vəziyyətinin yaxşılaşmaması və risklərin yüksək olaraq qalması idi.

Mütəxəssislər hesab edirlər ki, Hörmüz boğazının müharibə zonası kimi saxlanılması beynəlxalq dəniz daşımalarının maya dəyərini artırmaqla yanaşı, qlobal enerji bazarına və logistika zəncirinə də təsir göstərə bilər.