AŞPA prezidenti: “Azərbaycan heç nəyi dəyişmədən geri qaytarılacağını gözləyir, amma bu, baş verməyəcək”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Petra Bayr deyib ki, Azərbaycanın AŞPA-ya qayıtması yalnız rəsmi Bakının konkret addımlarından sonra mümkün ola bilər.

O, “Azadlıq Radiosu”na müsahibəsində bildirib ki, hazırda Azərbaycan hakimiyyətinin Avropa Şurasının dəyərlərinə və tələblərinə doğru hər hansı real addım atmağa hazır olduğunu göstərən siqnal görünmür.

“Onlar öz siyasətlərində heç nəyi dəyişmədən rəsmi qurumların onları yenidən qucaq açıb qarşılayacağını gözləyirlər. Amma bu, baş verməyəcək”, - Bayr deyib.

AŞPA prezidenti bildirib ki, Azərbaycan nümayəndə heyəti Assambleyaya qayıtmaq istəyirsə, proses mərhələli olmalıdır. Onun sözlərinə görə, ilk addımlardan biri AŞPA deputatlarının Azərbaycana girişinə qoyulan qadağaların aradan qaldırılması ola bilər.

Bayr deyib ki, AŞPA-nın azı 70 deputatı Azərbaycanın “qara siyahı”sındadır və onların ölkəyə girişi qadağandır:

“Mən də daxil olmaqla, həmin siyahıda olan şəxslərin - o cümlədən iki həmməruzəçidən birinin - Azərbaycana girişi qadağandır. Bu səbəbdən də, hətta dialoq və əməkdaşlıq istəsək belə, fiziki olaraq hərəkət etmək imkanımız yoxdur”.

AŞPA prezidenti əlavə edib ki, bu problemin həlli üçün “səssiz diplomatiya” cəhdləri olub, amma indiyə qədər nəticə verməyib.

 

“Azərbaycan ən azı tanınmış siyasi məhbuslardan bəzilərini azad etməlidir”

Petra Bayr Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv kimi qayıtmaq niyyətini göstərmək üçün siyasi məhbuslarla bağlı addım atmalı olduğunu deyib.

“Məncə, əgər Azərbaycan bu prosesi ciddiyə alırsa və Avropa Şurasının tamhüquqlu üzvü kimi qayıtmaq niyyətini nümayiş etdirmək istəyirsə, ən azından tanınmış bəzi siyasi məhbusları azadlığa buraxmalıdır”, - o bildirib.

Bayrın sözlərinə görə, həmin şəxslərdən bəziləri ciddi əsas olmadan həbs edilib:

“Biz bilirik ki, onlardan bəziləri, demək olar ki, heç bir əsas olmadan həbs olunublar. Ona görə də Azərbaycanın ilk növbədə bir neçə aydın siqnal verməsi və ümumi dəyərlərimizə qayıtmaq niyyətini ortaya qoyması vacibdir”.

O, hazırda Bakıdan belə siqnalların görünmədiyini vurğulayıb:

“Hazırda, təəssüf ki, heç bir siqnal görmürəm. Bunu sırf Azərbaycan xalqının özünə görə deyirəm - çünki onlar hüquqi cəhətdən mümkün ola biləcəyindən daha az qorunurlar”.

Bayr: “Son aylarda Azərbaycanda müsbət dəyişiklik görmürəm”

AŞPA prezidenti Avropa Şurasının baş katibi ilə Azərbaycan hakimiyyəti arasında aparılan danışıqlar barədə bütün detallardan xəbərdar olmadığını deyib. Bununla belə, o hesab edir ki, insan haqları məsələləri danışıqlarda gündəmə gətirilib.

“Ümumiyyətlə, son bir neçə ayda Azərbaycandakı vəziyyətə nəzər saldıqda, müsbət istiqamətdə heç bir dəyişiklik görmürəm”, – Bayr bildirib.

O, Avropa Şurası ilə Avropa İttifaqının Azərbaycana yanaşmasının fərqli olduğunu deyib. Bayrın sözlərinə görə, Avropa Şurasının mandatı yalnız insan haqları, qanunun aliliyi və demokratiya ilə bağlıdır, Avropa İttifaqının gündəliyində isə enerji və iqtisadiyyat kimi sahələr də var.

 

“Qətnaməni kağız parçası adlandırmaq problemin özüdür”

Bayr AŞPA-nın Azərbaycanla bağlı son qətnaməsinin Bakıda “kağız parçası” adlandırılmasına da münasibət bildirib. O deyib ki, hesabatın gündəliyə salınması və böyük səs çoxluğu ilə qəbul edilməsi real fəaliyyət göstəricisidir.

“Bu sənədə bu qədər zəhmət qoyulduğu halda, azərbaycanlı deputatın onu “sadəcə kağız parçası” adlandırması təəccüblü deyil. Başqa nə deməli idi ki? “Bəli, tamamilə haqlıdırlar, biz indi bu tələbləri yerinə yetirməliyik” deyəcəkdi? Xeyr, məhz bu cür yanaşma çıxış yolu deyil, problemin özüdür”, - AŞPA prezidenti bildirib.

Bayrın sözlərinə görə, parlament diplomatiyasının əsas məqsədi tərəfləri masa arxasına gətirmək və problemləri birgə həll etməkdir. Amma Azərbaycan tərəfi görüşlərdən yayınırsa və məhkəmə qərarlarının icrası ilə bağlı dialoqu boykot edirsə, AŞPA yenə də Azərbaycanı gündəmdə saxlamalıdır.

“Azərbaycanda çətin şəraitdə yaşayan, əziyyət çəkən insanları unutmamaq olduqca vacibdir”, - o deyib.

“Müxalifətə və müstəqil mediaya qarşı Azərbaycan qədər sərt siyasət yürüdən çox az ölkə tanıyıram”

Petra Bayr Azərbaycanın AŞPA-nı ikili standartlarda ittiham etməsinə də cavab verib. O bildirib ki, bu iddialarda əsas sual müqayisənin hansı ölkə ilə və hansı meyarlarla aparılmasıdır.

“Düzünü desəm, siyasi müxalifətə, müstəqil jurnalistlərə, azad mediaya və vətəndaş cəmiyyətinə qarşı Azərbaycan qədər sərt siyasət yürüdən çox az ölkə tanıyıram”, - Bayr deyib.

O əlavə edib ki, hökumətyönlü mediada AŞPA hesabatı “uğursuz” və “yalan” sənəd kimi təqdim olunsa da, Azərbaycan xalqının hüquqlarını müdafiə edən dairələrdən sənədə müsbət reaksiyalar da verilib.

AŞPA prezidenti bildirib ki, hazırda Bakının gözləntisi əvvəlcə heç bir ilkin şərt olmadan Assambleyaya qayıtmaq, yalnız bundan sonra qara siyahı və digər məsələləri nəzərdən keçirməkdir. Onun fikrincə, bu yanaşma nəticə verməyəcək.

“Onlar heç bir ilkin şərt olmadan birbaşa AŞPA-ya bərpa olunmaqlarını tələb edirlər. Yalnız bundan sonra, bəlkə də, qara siyahının ləğvini və ya digər addımları nəzərdən keçirəcəklərini düşünürlər. Amma qorxuram ki, bu cür yanaşma işə yaramayacaq”, – Bayr bildirib.