Bu addım Əli Kərimliyə qarşı psixoloji təzyiqdir

Hakimiyyətin tənqidi fikirlərə, müstəqil təhlillərə və ictimai müzakirələrə qarşı sərt münasibəti bu gün genişmiqyaslı həbslərlə nəticələnib. Bununla kifayətlənməyən rejim həbs etdiyi şəxslərə dəmir barmaqlıqlar arxasında da fiziki və psixoloji işgəncələr verməyə davam edir.

Cəmiyyətin şüuruna məcburi qorxu hissi aşılamağa hesablanmış bu cür davranışlar hər keçən gün daha da intensiv xarakter alır. Heç bir halda qəbul edilə bilməyən bu addımlar, şübhəsiz ki, azad düşüncəyə və siyasi iradəyə sahib insanların qətiyyətli mövqeyi ilə üz-üzədir.

Son günlər Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı qeyri-adekvat davranış da eyni siyasətin tərkib hissəsidir. Əli bəyin Azərbaycanda baş verən hüquq pozuntularını beynəlxalq tribunalara çatdırmaq cəhdlərinə hakimiyyət ona qarşı təzyiqləri artırmaqla cavab verir.

Əli Kərimlinin saxta ittihamlarla həbs olunması azmış kimi, ona psixoloji işgəncə məqsədilə kamerasına psixi problemləri olan bir şəxsin yerləşdirildiyi bildirilir. Baş verən bu narahatedici halları qətiyyətlə pisləyir, hakimiyyətdən Əli Kərimliyə qarşı bütün təzyiqlərə son qoymağı və ona qarşı tətbiq edilən hər cür işgəncəni dərhal dayandırmağı tələb edirik.

Müsəlman Birliyi Hərəkatı