Alim Yusifov Azan oxuduğuna və Netanyahunu sevmədiyinə görə "karsa" salınıb

Məhbus ailəsi Pentensiar Xidmətdən qovuldu

12 saylı Cəzaçəkmə Müəsissəsində dindar məhbuslara qarşı zülm davam edir. Siyasi məhbus Yusifov Alim Vahid oğlu bu qaynar yay günlərində darısqal, havasız cəza kamerasında saxlanılır. Səbəbi isə çox dəhşətlidir...

Alim Yusifovun həyat yoldaşı Türkan Əhmədova deyir ki, bu gün (3 iyun) Ədliyyə Nazirliyində qəbulda olub. Onu Nazirliyin özünü təqdim etməyən Anar adlı əməkdaşı qəbul edib:

"Anar adlı əməkdaş məni qəbul etdi və dedi ki, Alim Yusifov qanunları pozduğuna görə "karsa" salınıb. Dedim hansı qanunu pozub, məlumat verin zəhmət olmasa. Dedi ki azan oxuyub. Dedim axı, Alimi Umbakıdan, qapalı rejimdən gətirib, birbaşa "karsa" salıblar. Yəni Alim azan oxusa belə, özündən başqa heç kim eşitməyib. Dindar adamın özünün özü üçün axan oxuması nə vaxtdan qanun pozuntusu olub? Sualıma cavab vermədi.

Körpə uşaqları hər gün "ata" deyib ağlayır, dedim Alimə imkan verin, bircə dəfə zəng eləsin, bu uşaqlar sakitləşsin. Ona da icazə vermədilər."

Türkan Əhmədova deyir ki, adiyyatı qurumlara baş çəkib və şikayətini çatdırsa da həmişə olduğu kimi sualları cavabsız qalıb:

"Dünən Pentensiar Xidmətə, Prezident Administrasiyasına getmişdim. Bu gün Ədliyyə Nazirliyinə getdim. Dinlədilər, yola saldılar. Pentensiar Xidmətdə isə dinləmədilər, qovdular. Hətta, idarədən çıxmayacağım təqdirdə polis çağıracaqlarını dedilər.

Anar adlı əməkdaş isə dedi ki, Alimin Netanyahu ilə nə işi var axı?

İki il öncə Netanyahu Azərbaycana gəlmək istəyəndə bir qrup dindar məhbus ilə birgə Alim də etiraz olaraq aclıq aksiyasına qoşulmuşdu.

Netanyahu olmayan "erməni soyqırımı" deyib, türk qardaşlarımıza böhtan atan uşaq qatilidir. Biz Netanyahunu sevməyə məcburuq?

Yanımda azyaşlı övladım var idi, atası tutulandan polisdən  çox qorxur. Dedim uşaq polisi görər qorxar, ona görə çıxdım idarədən. Bilmirəm kimə şikayət edim. Öz ölkəmizdə bizə zülm edirlər. Dindar olmaq qəbahət deyil, Allahın buyurduğu kimi yaşamaq, Azan oxumaq qanunu pozmaq deyil."

Qeyd edək ki, 12 saylı Cəzaçəkmə Müəssisəsində dindar məhbuslara qarşı nifrət amansız şəkil alıb.

3 aya yaxındır bu müəssisəyə köçürülən siyasi məhbus Şeyx Sərdar Hacıhəsənli cəza kamerasında saxlanılır.

Qəzalı vəziyyətdə olan Müəssisənin korpuslarından birinin ötən il uçması nəticəsində 1 məhbus dağıntılar altında qalıb, dünyasını dəyişdi, yaralı məhbuslar xəstəxanaya yerləşdirildi. Məhbusların qəzalı vəziyyətdə olan korpusda saxlanılmasına etiraz etdiyinə görə siyasi məhbus MBH sədri Tale Bağırzadə Umbakı Pentensiar Kompleksinin qapalı rejiminə köçürüldü.

 

Arzu Abdullah