Elektrik enerjisinin qiyməti bahalaşacaq

Xəbəriniz olsun ki, Milli Məclisdə “Elektroenergetika haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun qəbul olunacağı təqdirdə “Azərişıq” ASC elektrik enerjisinin nə satışı, nə də alışı ilə məşğul olmayacaq, bu qurumda yalnız paylaşdırma funskiyası saxlanılacaq. Enerjinin hasilatını "Azərenerji" ASC həyata keçirəcək, satışla özəl şirkətlər məşğul olacaq, bir sözlə "Barmek dövrü"nə qayırıq. Bu qayıdış hansı təsir və nəticələr doğura bilər, indidən yazım ki, siz də agah olun.
Böyük ehtimalla satışın özəl şirkətlərin idarəçiliyinə verilməsi prosesinə başlamadan öncə enerjinin satış tarifləri qaldırılacaq və hakimiyyət bunu investor marağının artırılması ilə izah edəcək. İkinci mərhələdə özəl şirkətlər adı ilə sağlam investor deyil, hakim ailənin və onların ortaqları bu prosesə cəlb olunacaq və sonra da bazarda qiymətlər liberallaşdırılacaq, yəni enerjinin satış qiymətləri 2 mərhələdə artırılacaq və diversifikasiya olunacaq.
Bu dəyişiklikdən istehlakçılar satış bazarında keyfiyyətli xidmət göstəriləcəyi təqdirdə uduş əldə edə bilərlər. Keyfiyyətli xidməti yalnız rəqabətli bazarda fəaliyyət göstərən şirkətlər göstərərə bilər. Amma, indiki şərtlərlə imkan verməzlər ki, Barmekə oxşar şirkət bazara girsin və sonra da hakimiyyətə məhkəmədə dava açsın. Odur ki, istehlakçıları uduşlar deyil, tariflərin bahalaşmasında itkilər gözləyir. Halbuki, bu dəyişikliyin hədəfində invesisiya öhdəliyi götürən sağlam biznes dayanarsa, bazarda rəqabət təmin edilərsə bu irəliyə atılmış addım olardı. Bu hakimiyyətin xislətinə bələd olduğuma görə onlardan belə gözləntim yoxdur. Siz də nağıllara inanmayın.
 
 
Qubad İbadoğlu