Britaniyada ermənipərəst parlamentarinin anti-İslam fəalları ilə əlaqələri üzə çıxıb

Britaniyada ermənipərəst parlamentari Baronessa Koksun anti-İslam fəalları ilə əlaqələri üzə çıxıb.

Operativtv.com APA-nın Britaniya bürosunun xəbərinə istinadən, bu barədə “Sky News“ xəbər yayıb. Bildirilib ki, Lordlar Palatasının mübahisəli üzvü Baronessa Koks tanınmış anti-İslam fəalları ilə əlaqələrini üzə çıxaran böyük sənədlərin sızmasından sonra maliyyə maraqlarını bəyan etmək məcburiyyətində qalıb.

Baronessa Koks ortodoks xristian qrupları və homoseksual evlilik əleyhinə kampaniyalarla əlaqəli olan yevangelist xeyriyyəçilərin idarə etdiyi Amerika təşkilatından maliyyə vəsaiti götürüb. Sənədlər onu da göstərir ki, o, İslamın tanınmış tənqidçiləri ilə müntəzəm görüşlər keçirib.

Baronessa Koks, “Equal and Free Limited” adlı qeyri-kommersiya şirkətindən aldığı dəstəyi qeydiyyatdan keçirməməsinin səbəbi olaraq bunun sadəcə nəzərindən qaçdığını, alınan məbləğin onun parlament tədqiqatçısına ödəniş üçün istifadə edildiyini bildirib. Xəbərdə qeyd edilib ki, Baronessa Koks həm də şirkətin ödənişsiz direktoru olduğunu bəyan etməyib.

Sızdırılan sənədlər arasında Baronessa Koksun parlament binasında çağırdığı və İslamın tanınmış və tez-tez mübahisəli tənqidçilərinin iştirak etdiyi müntəzəm görüşlərə dair qeydlər də var.