Baş redaktorun şikayəti rədd edilib

Səbail Rayon Məhkəməsi dekabrın 13-də "realliq.info” saytının həbsdə olan redaktoru İkram Rəhimovun şikayətinə baxıb.
 
Şikayət İ.Rəhimovun evində, avtomobilində axtarış aparılması, götürmənin həyata keçirilməsi, kompüter və telefon yaddaşına baxış keçirilməsi ilə bağlı olub. Jurnalist məhkəmədə həmin prosedurların qanuniliyini mübahisələndirib.
 
Məlumatı Meydan TV-yə redaktorun yaxınları verib.
 
Onlar İ.Rəhimovun da prosesdə iştirak etdiyini bildirib.
 
Qeyd ediblər ki, jurnalist saxlanılma şəraitindən narazlıq edib:
 
"Şərait yaxşı deyil. Həm də bilavasitə istintaq aparan qurumun nəzarətində saxlanılıram”.
 
İ.Rəhimovun sözlərinə görə, davamlı tənqid etdiyi Mətbuat Şurası onun barəsində 2016-cı ildən dəfələrlə Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. Həmin vaxtlar mənzilinə basqın olduğunu, kompüter və digər əşyalarının aparıldığını bildirən jurnalist basqının da onun fəaliyyətini məhdudlaşdırmaq planının tərkib hissəsi olduğunu vurğulayıb.
 
O, həbs edilməsindən bəri onunla bağlı həyata keçirilmiş bütün hüquqi prosedurların qanunsuz olduğunu deyib və məhkəmədən şikayətinin təmin olunmasını xahiş edib.
 
Hakim Nurəddin Bağırovun sədrlik etdiyi heyət isə şikayəti rədd edib.
 
İ.Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.
 
O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İ.Rəhimov ittihamları rədd edir.