Arqument.az saytı yenidən fəaliyyətə başlayıb

Aprelin 8-də girişinə məhdudiyyət qoyulan, sonradan isə birdəfəlik bağlanan Arqument.az saytı yenidən fəaliyyətə başlayıb. 
 
Bunu saytın baş redaktoru Şəmşad Ağa öz facebook profilində paylaşıb. 
 
"Rəsmi məktubumuza hələ də hər hansı bir cavab verilməsə də, qeyri-rəsmi blokun regionlardakı, xüsusən də Cəlilabaddakı "kartof aksiyası" ilə bağlı olduğunu bildirdilər. 
Sayta bir gün vpn-lə məlumat yerləşdirsək də, sonradan bazaya edilən müdaxilələr fəaliyyətimizi əngəllədi. Axşam saytı arqument.info domeninə yönəltdik. Eyni zamanda qeyri-qanuni bloklama ilə bağlı Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, hüquq-mühafizə orqanlarına da rəsmi məktub ünvanladıq. Saytı bloklayan Rabitə Nazirliyidir, bunun başqa adı yoxdur", - deyə Şəmşad Ağa bildirib.
 
Baş redaktor bildirib ki, məsələ hüquqi müstəvidə mübahisələndiriləcək və qeyri-qanuni blokla bağlı müvafiq hüquqi addımlar atılacaq.
 
Onun sözlərinə görə, sayt bağlandığı zaman məhkəmədən və Rabitə Nazirliyindən hər hansı bir bildiriş göndərilməyib.
 
Arqument.Az aprelin 8-də Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən heç bir xəbərdarlıq etmədən bloklanb. 
 
Aprelin 9-dan isə bazaya edilən müdaxilələr nəticəsində sayta giriş ümumiyyətlə mümkün olmayıb.