Bakı-Sumqayıt yolunda sıxlıq aradan qalxır

Bakı-Sumqayıt yolunda aparılan təmir işlərinin bir hissəsi sabah yekunlaşacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agnetliyinin mətbuat katibi Anar Nəcəfli yolda aparılan təmirin canlı yayımı zamanı bildirib.

Nəcəfli bildirib ki, sabahdan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından “Azadlıq körpüsü” deyilən əraziyə qədər olan hissə avtomobil tuneli ilə birgə istifadəyə veriləcək:

“Sabahdan bu hissə istifadəyə verilir. “20 Yanvar” metrostansiyası tərəfdə sıxlıq aradan qalxacaq”.

Qeyd edək ki, 26 iyun gecədən başlayaraq, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsinin asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılıb.

Təmir davam etdikcə hissə-hissə müəyyən məhdudlaşdırmalar olacaq. Ümumi yolda işlər 2 həftəyə qədər davam edəcək, yəni Avtovağzaldan Xırdalan dairəsinə kimi. Daha sonra isə əks istiqamətdə təmir işləri başlanılacaq.

Ümumilikdə təmirin 20 günə tamamlanması nəzərdə tutulur.