Azərbaycanda siyasi məhbusların yeni siyahısı

Operativtv.com Turana istinadən xəbər verir ki, "Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" Birliyi fevralın 27-də Azərbaycanda siyasi məhbusların yenilənmiş siyahısını dərc edib.

Yenilənmiş siyahıya görə, Azərbaycanda hazırda 93 nəfər siyasi məhbus var.

Təşkilat siyasi məhbusları 7 qrupa bölüb.

1-ci qrupa jurnalistlər və blogerlər (6 nəfər), 2-ci qrupa müxalifət partiya və hərəkatlarının üzvləri (6 nəfər), 3-cü qrupa Almaniyadan deportasiya olunan siyasi mühacirlər (5 nəfər), 4-cü qrupa dindarlar (29 nəfər), 5-ci qrupa Tərtər işi üzrə məhkum olunanlar (8 nəfər), 6-cı qrupa Gəncə işi üzrə məhkumlar (26 nəfər), 7-ci qrupa ömürlük azadlıqdan məhrum edilənlər (13 nəfər) daxildir.

Siyasi məhbusların yenilənmiş siyahısı hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və "Siyasi Məhbusların Monitorinqi Mərkəzi" İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.

"Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" Birliyi bildirir ki, siyasi məhbusların siyahısı Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında qəbul etdiyi 1900 saylı siyasi məhbuslar haqqında qətnaməyə uyğun hazırlanıb.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir və qərəzli baxış hesab edir. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və inanclarına görə təqib edilmədiyni bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.