AXCP üzvü həbsdə qaldı

İyulun 1-də Bakı Apelyasiya Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmlinin həbsindən verilmiş şikayətə baxılıb. Qapalı keçirilən məhkəmə iclasında AXCP funksioneri özü də iştirak edib.
 
A.Məhərrəmlinin vəkili Aqil Layıcov bildirib ki, Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib. A.Məhərrəmli barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə dair 25 mayda çıxarılmış qərar qüvvədə saxlanılıb.
 
Məhkəmə qapalı keçirildiyindən bir çox məsələləri açıqlaya bilməyəcəyini deyən vəkilin sözlərinə görə, A.Məhərrəmli özünü təqsirli bilməyib. Amma onun müəyyən şikayətləri olub: «Bununla əlaqədar lazımi orqanlara müraciət edəcəyik».
 
AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.
 
Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.
 
Onlar barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi açılıb.
 
AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib.
 
Azadlıq Radiosu