Noyabrın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin (MBHİH) üzvü Ağa-Əli Yəhyayevin şikayət ərizəsinə baxıb.
Məhkəmə Ağa-Əli Yəhyayevin Sumqayıt Ağır Cinayətlər Məhkəməsində onun barəsində verilən şikayəti əsasında təyin olunub.
Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclas online olaraq keçirilib.
Ağa-Əli Yəhyayevin də qatıldığı məhkəmədə vəkil Zibeydə Sadıqova son çıxışını edib. İlk öncə o, Ağa-Əli Yəhyayevin ittiham aktına qol çəkməsinə toxunub. Vəkil bildirib ki, bunun üçün ona amansız işgəncələr verilib. Lakin Ağa-Əli ittihamları rədd edərək akta qol çəkməkdən imtina edib. Bundan sonra ona bildirilib ki, ailəsi, həyat yoldaşı polis idarəsinə gətiriləcək. İllər öncə 26 noyabr Nardaran hadisələri zamanı yaşanan eyni vəziyyətə şahidlik edən Ağa-Əli bundan sonra sənədə qol çəkməyə razılıq verib.
Ardınca vəkil mütdəhimin saxlanılan və dindirilən zaman işgəcələr yaşadığını və vəsadət qaldırmasına baxmayaraq işgəncələrlə bağlı görüntülərlə təmin edilmədiyini söyləyib. “Əgər bu adamın işgəncə faktı araşdırılsaydı, təhlükəsizlik kameralarının görüntüləri arxivdən çıxarılsaydı bu gün bu məhkəməyə ehtiyac olmazdı. Onun işi çoxdan" bəraət almışdı” deyə xanım vəkil bildirib.
Hakim tərəfləri dinlədikdən sonra hökmü elan edib. O, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 il azadlıqdan məhrumetmə cəzasından 1 il azaldaraq cəzanı 6 ildə saxlamaqla məhkəmənin işinə xitam verib.
Xatırladaq ki, Ağa-Əli Yəhyayev 2023-cü ilin 31 avqustunda saxlanılmış və barəsində narkotik ittihamı irəli sürülmüşdü. 2024-cü il sentyabrın 20-də o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum etmişdi.
Apellyasiya məhkəməsi Ağa-Əli Yəhyayevin işindən 1 il azaltdı