ADR Hərəkatının sahələrində çalışanlar arasında zəhərlənmə hallarının artması ilə bağlı Bəyanat yayıb

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sahələrində çalışanlar arasında zəhərlənmə hallarının artması ilə bağlı Bəyanat yayıb. ADR Hərəkatı son zamanlar pambıq tarlalarında ziyanvericilərə qarşı istifadə olunan kimyəvi maddələrdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara aparılan kəndlilərin sayının artmasından narahatdır. Son məlumata görə, pambıqçılıq rayonlarında iş yerində zəhərlənməyə məruz qalanların sayı artıq 300-ə çatıb. Belə ki, ilk hadisə iyunun 10-da Saatlıda baş verib, bu rayonda 24 nəfər pambıqçı zəhərlənib. Bundan sonra isə analoji hadisə 14 iyunda Tərtərdə qeydə alınıb, orda 14 nəfər zəhərlənib, onlardan 4-ü həyatına təhlükə olduğuna görə ağır vəziyyətdə Bakıya aparılıb. İyunun 19-da İmişlidə kütləvi zəhərlənmə hadisəsi baş verib, bəzi mənbələrdə zəhərlənənlərin sayının 200 nəfərə çatdığı bildirilir. İyunun 20-də Yevlaxda qeyd alınan hadisə zamanı 24 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 8-i valideynləri ilə birgə pambıq sahəsinə gedən uşaqlardır. İyunun 23-də Sabirabad rayonu Muğangəncəli kəndində pambıq sahәsindә çalışanlar zәhәrlәnib. Zәhәrlәnәnlәr rayonun sahәdә işlәmәyә gәlәn başqa - Moranlı kəndinin sakinləridir. Mәlumatlara görә, 17 nəfər ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib, 4 nəfər Şirvan şəhərinə aparılıb. Göründüyü kimi, pambıq sahələrində zəhərlənmə halların sayı artmaqda və coğrafiyası genişlənməkdədır. Baş prokurorluğun açıqlamasına görə, bununla əlaqədar olaraq 5 nəfər vəzifəli şəxs həbs olunub və onlara Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti ağır nəticələrə səbəb olduqda) maddələri ilə iş açılıb.

ADR Hərəkatı hesab edir ki, pambıq sahəsində baş vermis zəhərlənmə faktlarına görə vəzifəli şəxslərin bir qrupunun həbsi heç də belə təhlükəli hallardan sığortalanmaq üçün yetərli deyildir. Çünki, baş vermis kütləvi zəhərlənmə hallarını yaradan səbəblər, onu yaşadan motivlər köklü sürətdə araşdırılmadığı halda belə hallar təkrarlanaraq daha da kütləviləşməsi istisna olunmur. Müşahidələr göstərir ki, pambıq sahələrində məhsuldarlığı artırmaq üçün istifadə olunan gübrə və petsiditlərin idxalında və satışında korrupsiya, pambıq əkin sahələrinin subsidiyalaşmasında, hətta yanacaq-sürtgü materiallarının satışında korrupsiya halları mövcuddur. Bununla yanaşı, bu və digər kənd təsərrüfatı sahələrində çalışanların əmək təhlükəsizliyi qaydalarına əməl olunmur, onların fəaliyyəti üçün minimal sosial şərait belə təmin edilmir. Odur ki, ADR Hərəkatı hakimiyyət orqanlarını kənd təsərrüfatı sektorunda subsiyalaşma, dövlət alışları və xidmətlərdən istifadə sahəsində müşahidə olunan geniş korrupsiyanın qarşısının alınması üçün təxirəsalınmaz tədbirləri həyata keçirilməyə çağırır, pambıq və digər bitkiçilik məhsullarının yetişdirilməsi və yığılmasına büdcə sferasında çalışan işçilərinin məcburi olaraq cəlb olunmasına, kənd təsərrüfatında uşaq əməyindən istifadəyə son qoyulmasını tələb edir, iş yerlərində əməyin təhlükəsizliyi qaydalarını əməl edilməsi üzərində ictimai nəzarət institutlarının, müstəqil QHT-lərin və azad medianın fəaliyyətinə şərait yaratmağı, eləcə də baş verənlərlə bağlı ictimaiyyəti müntəzəm və operativ olaraq məlumatlandırmağı təklif edir.

Turan