28-ci həftədə Netanyahuya qarşı yüz minlərlə insan yenidən küçələrə çıxdı

Netanyahunun başçılıq etdiyi ifrat sağçı koalisiya hökumətinə qarşı hər şənbə axşamları kütləvi nümayişlər keçirən israillilər etirazların 28-ci həftəsində yenidən ölkə boyu meydanlara çıxıb.

Təl-Əviv, Qərbi Qüds, Hayfa, Birussebi və Rehovot kimi şəhərlər başda olmaqla, ölkənin bir çox nöqtəsində yüz minlərlə israilli nümayişlərə qatılıb. İsrail mətbuatının məlumatına görə, təkcə Təl-Əvivdəki etiraz aksiyasında 150 mindən çox nümayişçi iştirak edib.

Etirazçılar hər həftə olduğu kimi ən böyük nümayişə ev sahibliyi edən Təl-Əvivin Kaplan küçəsindəki Hökumət Kompleksi qarşısında toplaşıblar. Nümayişçilər əllərində koalisiya hökumətindəki ifrat sağçı siyasətçiləri tənqid edən pankartlar, plakatlar və şəkillər daşıyıblar. Nümayişçilər köməyə çağırmaq üçün istifadə edilən “SOS” yazısı olan nəhəng pankart açıblar.

Digər tərəfdən, minlərlə nümayişçi Qərbi Qüdsdə Netanyahunun evinin yaxınlığında yürüş edib.

Etirazçılar hesab edirlər ki, Netanyahu məhkəmə sistemini zəiflətməklə özünü korrupsiya ittihamlarından qorumağa çalışır. Etirazçıların fikrincə, Netanyahunun təklif etdiyi islahatlar onun korrupsiya işlərində təqibdən yayınmasını asanlaşdıra bilər. Baş nazir olduğu müddətdə Netanyahu rüşvətxorluq, fırıldaqçılıq və ictimai etimaddan sui-istifadə də daxil olmaqla bir çox korrupsiya ittihamları ilə üzləşib.