MBH üzvü Anar Əkbərova hökm oxunub

Aprelin 16-da Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Əkbərov Anar Dilən oğlunun məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Anar Əkbərov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Hakim Zabil Qasımov şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. O, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Anar Əkbərovu 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Anar Əkbərov 2023-cü il dekabrın 31-də saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində tutulub.