16 April 2024

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb, səbəbləri açıqlanıb

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, ilkin kvota üçün 2000-dən çox yer nəzərdə tutulsa da, 1500 kvota yeri ayrılıb.

“İdarə kvotanı bir neçə dəfə azaltmaq zərurəti ilə qarşılaşıb. Bunun isə heç vaxt müşahidə olunmayan səbəbləri var”.

İddiaçılar Turniri: Nicat Abasov növbəti görüşünü keçirib

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

 X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələn 28 yaşlı qrossmeyster məğlub olub - 0:1.

Şahmatçılar arasında əvvəlki görüşdə heç-heçə qeydə alınmışdı.

Bu nəticədən sonra Abasov turnir cədvəlində 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 5,5 xalla 3-5-ci yerləri bölüşdürür.

Qrossi: İranın zənginləşdirilmiş uranının olması nüvə silahı demək deyil

İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük olması o demək deyil ki, Tehranın nüvə silahı var, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İranın nüvə proqramının mövcudluğu barədə məlumatı yoxdur.

Bu barədə agentliyin rəhbəri Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasından sonra bildirib.

Gürcüstanda polis 14 nəfəri saxladı

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə “xarici agentlər” haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, onlar ictimai asayişi pozub, müqavimət göstərib və polis əməkdaşlarını təhqir ediblər.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb və ona tibbi yardım göstərilib.

WSJ: Tərəfdaşları olmasa idi, İsrail İranın hücumuna tab gətirə bilməzdi

İsrail Amerika Birləşmiş Ştatları (ABŞ), digər Qərb və regional hərbi tərəfdaşların köməyi olmadan İranın aprelin 13-də gerçəkləşdirdiyi əməliyyatına dayana bilməzdi.

Bu, "The Wall Street Journal"da (WSJ) yazılıb.

Nəşrin məlumatına görə, İsrail dövləti, əsasən, ABŞ və digər müttəfiqlərin verdiyi hava hücumundan müdafiə sistemləri, başqa silahlar sayəsində dronların, raketlərin əksəriyyətini tuta bilib.

AŞPA-nın yaz sessiyası Azərbaycanın iştirakı olmadan işinə başlayıb

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası aprelin 15-də işinə başlayıb. Azərbaycanın Avropa Şurasına üzv olmasından bəri ilk dəfə azərbaycanlı deputatlar sessiyada iştirak etmirlər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsi yanvar ayında baş tutan qış sessiyasında qəbul edilməyib və daha sonra keçirilən səsvermə ilə azərbaycanlı deputatların Assambleyada iştirakı dondurulub. AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi və Azərbaycanın qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirib.