Türkiyə Suriya ilə diplomatik əlaqələrin qurulması üçün şərtləri açıqlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, lazımi şərait yaranarsa, ölkəsi Suriya ilə diplomatik əlaqələr qurmağı nəzərdən keçirəcək. O bu istiqamətdə şərtləri açıqlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Suriya ilə bağlı dörd strateji hədəfi açılqlayıb.

O deyib: “Suriya ilə bağlı dörd strateji hədəfə əsaslanan prinsipial mövqeyimizi qoruyub saxlayırıq: - Bu ölkənin birliyini və ərazi bütövlüyünü, siyasi qərarlara əsaslanan davamlı sabitliyini qorumaq, sərhədlərdə ölkəmizə qarşı terror təhlükəsini aradan qaldırmaq və suriyalıların vətənlərinə salamat qayıtması."

Onun sözlərinə görə, Ankaranın Suriyada sabitliyi təmin etmək səyləri sayəsində artıq 530 minə yaxın suriyalı öz evlərinə qayıdıb.

Çavuşoğlu, iki ölkənin rəsmi qurumları arasında əlaqələrin mövcud olduğunu qeyd edərək deyib: “Səlahiyyətli qurumlar arasında mövcud əlaqələrin diplomatik müstəviyə qədər genişləndirilməsi üçün müvafiq şərait yaranarsa, biz bunu da qiymətləndirəcəyik”.