İraq Ayətullah Xamenei ilə vida mərasiminə hazırlaşır

İraq müqəddəs Nəcəf və Kərbəla şəhərlərində İran İslam İnqilabının şəhid Ali lideri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasiminin keçirilməsinə hazırlaşır.

Bu tədbirin hazırlıqları İraq və İranın rəsmi qurumları arasındakı genişmiqyaslı koordinasiya çərçivəsində keçirili.

Mərasimin iyulun 8-də İraqın müxtəlif dövlət qurumları və İran tərəfi, o cümlədən İran İslam Respublikasının Bağdaddakı səfirliyi ilə koordinasiya şəraitində keçiriləcəyi gözlənilir.

İranın Bağdaddakı səfirliyinə yaxın mənbələrin bildirdiyinə görə, şəhid Ayətullah Xameneinin nəşi iyulun 8-də Nəcəf Beynəlxalq Hava Limanı vasitəsilə İraqa gətiriləcək. Hava limanında cənazəni İraq rəsmiləri, dini, ictimai və siyasi xadimlərdən ibarət nümayəndə heyəti qarşılayacaq və burada rəsmi qəbul mərasimi keçiriləcək.

Bundan sonra mübarək cənazə İmam Əli (ə) hərəminə aparılacaq, burada ziyarət və vida mərasimləri təşkil olunacaq. Ardınca matəm yürüşü Kərbəlaya yola düşəcək və xalqın geniş iştirakı ilə dəfn mərasimi Beynül-Hərəmeyn ərazisində keçiriləcək. Sonda şəhidin nəşi yenidən Nəcəf hava limanına aparılacaq və oradan müqəddəs Məşhəd şəhərinə göndəriləcək.

Məlumata görə, mərasimin koordinasiyası və təşkili işlərində İmam Əli (ə), İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) müqəddəs ziyarətgahlarının administrasiyaları, Nəcəf və Kərbəla vilayət rəhbərlikləri, İraqın nəqliyyat, daxili işlər və xarici işlər nazirlikləri, Həşd əş-Şaabi təşkilatı və İraq Baş nazirinin Aparatı iştirak edir.

Dəfn mərasimində ölkənin müxtəlif vilayətlərindən gələn böyük insan izdihamının iştirakı gözlənilir. Bundan əlavə, bu tarixi tədbirə İraqın tanınmış dini, siyasi, qəbilə, mədəniyyət və elm xadimlərinin də qatılacağı bildirilir.

Nəcəf və Kərbəlada keçiriləcək matəm mərasimləri ilə yanaşı, yüz minlərlə iraqlı zəvvarın da iyulun 4–9-da Tehran, Qum və Məşhəddə keçiriləcək dəfn mərasimlərində iştirak etmək üçün İrana yollanacağı gözlənilir. Bununla əlaqədar İran və İraqın aidiyyəti qurumları zəvvarların quru sərhəd-keçid məntəqələri və hava limanları vasitəsilə hərəkətinin asanlaşdırılması məqsədilə zəruri koordinasiya işlərinə artıq başlayıblar.