İsrail Qəzzaya hücumlarını davam etdirir, itkilər var

Qəzza zolağında işğalçı İsrail ordusunun həyata keçirdiyi son hücumlar nəticəsində bir ana və onun azyaşlı övladı şəhid olub, çox sayda məcburi köçkün isə yaralanıb.

Məlumata görə, zərbə Qəzzanın cənubundakı Xan Yunis şəhərinin Əl-Məvasi bölgəsində məcburi köçkünlərin yerləşdiyi çadırlara endirilib.

Mülki müdafiə xidmətinin məlumatına əsasən, Deyr əl-Bələh və Xan Yunis şəhərlərinə endirilən iki ayrı hava zərbəsi nəticəsində azı 5 fələstinli, o cümlədən bir uşaq şəhid olub.

Hadisələr zamanı 30-dan çox insanın yaralandığı bildirilir.

Bundan əlavə, İsrail ordusunun Xan Yunisin şimal-şərqində yaşayış evlərini partlatdığı qeyd olunub.

Qəzzanın şimalında İsrail aviasiyası Qəzza şəhərinin Əl-Kəramə məhəlləsində yerləşən yaşayış evini bombalayıb.

Eyni zamanda, Beyt Lahiyanın Əl-Ətatra bölgəsi və Qəzza şəhərinin şərq istiqamətində də atəş açıldığı bildirilib.

HƏMAS hərəkatının sözçüsü Hazim Qasim bildirib ki, İsrail ordusunun hücumları nəticəsində məcburi köçkünlərin çadırlarında daha bir azyaşlı şəhid olub.

O, beynəlxalq ictimaiyyəti və ərəb ölkələrini Qəzzada baş verən hadisələrə qarşı səssiz qalmaqda ittiham edib.

Qəzza hökumətinin Media Ofisinin açıqlamasına görə, atəşkəs qüvvəyə mindikdən sonra İsrail tərəfindən 3465 pozuntu qeydə alınıb.

Qurumun məlumatında bildirilir ki, bu müddətdə 1045 nəfər şəhid olub, 3380 nəfər yaralanıb, həmçinin 113 nəfər saxlanılıb.